Sinxuanın baş redaktoru He Pinq: "AZƏRTAC ilə əməkdaşlığımız xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir"


Digərləri 16 Sen 2018 17:22:00 222 0

Sinxuanın baş redaktoru He Pinq: "AZƏRTAC ilə əməkdaşlığımız xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir"

Sinxua informasiya agentliyi Azərbaycanla bağlı məlumatları ölkənin əsas xəbər mənbəyi olan AZƏRTAC-dan alır. İki agentlik arasındakı əməkdaşlıq müqaviləsi informasiya mübadiləsini daha da genişləndirmək və birgə layihələr həyata keçirmək üçün geniş imkanlar açır.

Son.az bildirir ki, bu fikirlər Çinin Sinxua agentliyinin nazir statusunda baş redaktoru He Pinqin rəhbərliyi ilə Bakıda səfərdə olan nümayəndə heyətinin AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşündə səslənib.

Azərbaycanın və Çinin qədim tarixi əlaqələrə malik olduğunu deyən İdarə Heyətinin sədri Aslan Aslanov xalqlarımız arasında əlaqələrin dərinləşməsində hər iki ölkənin milli informasiya agentliklərinin böyük rolu olduğunu vurğulayıb. Qeyd olunub ki, AZƏRTAC ilə Sinxuanın 2003-cü ildən başlayan əməkdaşlığı dövründə birgə fotosərgilər, təqdimatlar, informasiya və təcrübə mübadiləsi həyata keçirilib. Eyni zamanda, hər iki agentlik hazırda AZƏRTAC-ın sədri olduğu iki beynəlxalq təşkilatda - Dünya Xəbər Agentlikləri Konqresində və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) sıx əməkdaşlıq edir. "Bu ilin iyununda Pekində Sinxuanın prezidenti Çay Mincao ilə görüşdə bir sıra əməkdaşlıq məsələlərini geniş müzakirə etdik. Bundan əlavə, orada Şanxay Əməkdaşlıq Təşkilatının birinci media sammiti çərçivəsində Sinxua ilə yeni əməkdaşlıq sazişi imzaladıq. Əminəm ki, bu, əlaqələrimizin inkişafı üçün yeni imkanlar açacaq", - deyə Aslan Aslanov bildirib.

Diqqətə çatdırılıb ki, Çinin "Bir kəmər - bir yol" təşəbbüsünün, həmçinin Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarının həyata keçirilməsi informasiya sahəsində də əlaqələrin intensivləşməsini şərtləndirir. Bununla əlaqədar Sinxuanın təsis etdiyi "Bir kəmər - bir yol İqtisadi İnformasiya Tərəfdaşlığı" alyansına AZƏRTAC-ın da qoşulacağı və dünyanın hər yerindən xəbər təchizatçıları ilə informasiya mübadiləsi aparacağı qeyd olunub.


Xəbərə aid fotolar