Bakının kirayə mənzil bazarında baş verənlər


Digərləri 16 Sen 2018 15:36:00 258 0

Bakının kirayə mənzil bazarında baş verənlər

Payızın yaxınlaşması ilə bir vaxtda ənənəvi olaraq Bakıda kirayə evlərə də tələbat artır. Bu onunla əlaqədardır ki, rayonlardan minlərlə tələbə təhsil almaq üçün paytaxta üz tutur. Digər tərəfdən isə rayonlardan Bakıya payız-qış aylarında günəmuzd işlərdə işləmək üçün gələnlər artır. Belələri yaz-yay aylarında bölgələrdə əkin-biçinlə məşğul olanlardır.

Son.az virtualaz.org-a istinadən qeyd edir ki, son günlər kirayə mənzil bazarında qıtlıq yarandığı haqda xəbərlər artıq eşidilir. Bazarda tələb təklifi üstələdiyindən nəinki normal şəraitli mənzillərə, hətta heç bir şəraiti olmayan gecəqondulara da tələbat artıb. Ekspertlər bu səbəbdən qiymətlərin təxminən 30-40 faiz bahalaşdığını deyirlər. Belə ki, universitetlərin yerləşdiyi ərazilərdə təmirindən asılı olaraq 1 otaqlı evlər 200-250 manata, 2 və 3 otaqlı evlər isə müvafiq olaraq 350-400 və 500 manatdan başlayan qiymətlərlə təklif olunur.

Bəs Bakının kirayə bazarına çıxarılan mənzillərin, fərdi evlərin ümumi sayı barədə hansısa hesablamalar varmı? Digər tərəfdən mənzillərin kirayə verilməsi zamanı kirayə müqavilələrinin vergiyə cəlb edilməsi nə dərəcədə geniş tətbiq edilir?

Qanunvericilik nə deyir...

Qanunvericiliyə görə, vətəndaş evini vergi orqanında qeydiyyatda olan şəxsə kirayə verdikdə ona ödənilən kirayə haqlarından 14 faiz vergi ödəməlidir. Bu zaman evini kirayə verən şəxsin vergi orqanında uçota alınmaq, əldə etdiyi icarəhaqqından vergi ödəmək və bu barədə vergi orqanına bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

Əgər vətəndaş evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayə verirsə, onda özü yaşadığı yer üzrə vergi orqanına ərizə ilə müraciət edərək vergi orqanında uçota alınmalı və VÖEN əldə etməlidir. Bundan sonra VÖEN-i olan vətəndaş kirayə haqqından əldə etdiyi gəlirdən dövlət büdcəsinə Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə mğəyyən edilmiş qaydada vergi ödəməli və növbəti il martın 31-dək vergi orqanına gəlir vergisinin bəyannaməsini təqdim etməlidir. Həmin maddənin tələblərinə əsasən, vergi tutulan illik gəlirin məbləği 24000 manatadək olduqda 14 faiz, 24000 manatdan çox olduqda 3360 manat + 24000 manatdan çox olan məbləğin 30 faizi müəyyən edilir.

Vergi ödəyən kirayə mənzillərin sayı 3-10 faiz arasındadır

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlının virtualaz.org-a bildirdiyinə görə, bu istiqamətdə dəqiq hesablama aparılmasa da, paytaxtdamənzil kirayə verənlərin vergi ödəməməsi halları geniş yayılıb: "Bu gün Bakı şəhərində xeyli sayda kirayə mənzilin vergiyə cəlb olunması prosesi tam olaraq tənzimlənmir. Dəqiq statistika üçün bütün kirayə verilən mənzillər vergiyə cəlb olunmalıdır. Ona görə də, burada rəqəm söyləmək mümkün deyil. Amma paytaxtın müxtəlif ərazilərində kirayə verilən xeyli sayda mənzillər var. Hətta son illərdə ayrı-ayrı şəxslər gündəlik kirayə vermək yolu ilə pul qazanmağa çalışırlar. O səbəbdən bunun reyestri barədə nəsə demək çətindir. Bakıda kommersiya məqsədilə verilən kirayə mənzillərin vergiyə cəlb olunması təxminən 3-10 faiz arasında dəyişir".

R.Osmanlı deyir ki, İstənilən kirayə münasibətləri qanunla tənzimlənməlidir, müqavilə bağlanmalıdır. Və həmin gəlirdən dövlət büdcəsinə vergi ödənməlidir. Vergilər Nazirliyinin nəzarət üçün tam resursları olmadığına görə, bundan çox hallarda sui-istifadə olunur, müqavilələr rəsmiləşdirilmir. Amma qanunvericilik birmənalı şəkildə bu məsələni tənzimləyir.

Ekspertin sözlərinə görə, mənzil kirayə verilərkən tərəflər arasında kirayə münasibətlərinin rəsmiləşdirilməsi tək vergi məsələsində deyil, həm də gələcəkdə baş verə biləcək qanun pozuntularının da qarşısını ala bilər. Bu zaman gələcəkdə baş verən problemlər də məhkəmə qaydasında öz həllini tapa bilər. Əks halda, məsələn, kirayədə qalan şəxs evdəki dəyərli bir əşyanı apararsa və ya evə xeyli miqdarda ziyan vurarsa, bunu ondan tələb etmək imkanları məhdudlaşır.