Gürcüstandakı prezident seçkilərində qələbəyə ən real namizəd olan qadın kimdir?


Dünya 16 Sen 2018 15:21:00 237 0

Gürcüstandakı prezident seçkilərində qələbəyə ən real namizəd olan qadın kimdir?

Gürcüstanın hakim partiyası oktyabrın 28-də keçiriləcək prezident seçkilərində müstəqil namizədi, keçmiş xarici işlər naziri Salome Zurabişvilini dəstəkləyib. Çox güman ki, seçkilərdə məhz o qalib gələcək və Gürcüstan tarixində ilk qadın prezident olacaq.

Salome Zurabişvilinin namizədliyi həm də ona görə nadir hadisədir ki, müstəqil Gürcüstan tarixində ilk dəfə olaraq hakim partiya (hazırda hakim partiyanı "Gürcüstan arzusu - Demokratik Gürcüstan" təmsil edir) prezidentliyə öz namizədini irəli sürmür, müstəqil namizədi dəstəkləyir.

Partiyada bunu Gürcüstanda maksimum plüralizmin təmin edilməsi üçün etdiklərini söyləyirlər. Müxalifətdə olduğu kimi, təhlilçi dairələrdə də 2016-cı ildə keçirilən parlament seçkilərində hakim partiyanın dəstəyini alan və majoritar deputat (yəni öz seçki dairəsində daha çox səs qazanan) seçilən Zurabişvilinin müstəqilliyi nominal hesab edilir.

Bu prezident seçkisi Gürcüstanda keçiriləcək sonuncu ümummilli prezident seçkisidir. 2024-cü ildən etibarən prezidenti artıq 300 nəfərdən ibarət seçki kollegiyası seçəcək.

Yeni seçilən prezidentin andiçmə mərasimindən sonra qüvvəyə minəcək yeni konstitusiya hökümətin birdəfəlik parlament modelinə keçidini nəzərdə tutur. Beləliklə, yeni konstitusiyaya görə, prezidentin səlahiyyətləri məhdudlaşdıralacaq.

Lakin buna baxmayaraq Mərkəzi Seçki Komissiyasına rekord sayda namizəd - 46 nəfər müraciət edib.

Fransadan Gürcüstana

Salome Zurabişvili tanınmış gürcü ailəsindəndir. Fransada gürcü siyası mühacir ailəsində doğulan Salome 30 il Fransa XİN-də diplomat kimi fəaliyyət göstərib.

Zurabişvili Gürcüstana ilk dəfə 2003-cü ildə Fransanın Gürcüstandakı səfiri kimi gəlib. Lakin 2004-cü ilin martında Zurabişvili artıq prezident Mixail Saakaşvilinin sərəncamı ilə inqilabçı hökumətdə ölkənin xarici işlər naziri təyin edilib.

Elə həmin vaxt gürcü vətəndaşlığı alan Zurabişvili bununla yanaşı fransız vətəndaşlığını da qoruyub saxlayıb. Xarici işlər naziri vəzifəsində Zurabişvili bir ildən artıq fəaliyyət göstərib. 2005-ci ildə nazirlikdən kənarlaşdırılan xanım, Saakaşviliyə müxalifət mövqeyinə keçib.

2010-cu ilə qədər "Gürcüstanın yolu" müxalifət partiyasına rəhbərlik edən Zurabişvili daha sonra BMT-nin İrandakı vəziyyət üzrə monitorinqinin ekspert qrupuna daxil olub.

2016-cı ildə keçirilən parlament seçkilərində Tbilisidəki majoritar dairələrdən birində müstəqil namizəd kimi iştirak edən Zurabişvili hakim partiyanın dəstəyilə parlamentə seçilib.

Bu, onun Gürcüstan prezidenti olması üçün ilk cəhdi deyil. 2013-cü ildə keçirilən prezident seçkilərində iştirak etmək istəyən Zurabişvilinin qeydiyyatdan keçmək barədə müraciəti ikili vətəndaşlığa görə rədd edilmişdi.

Bu dəfə isə Zurabişvili prezidentliyə namizəd kimi qeydə alınana qədər fransız vətəndaşlığından imtina edib.

Rusiya məsələsi

Çoxları hesab edir ki, Zurabişvilinin Gürcüstanın xarici işlər naziri kimi əsas xidmətlərindən biri danışıq prossesinə kömək etməsi və Rusiya bazasının Gürcüstan ərazisindən çıxarılması barədə razılığın əldə edilməsidir.

Lakin buna baxmayaraq, onun seçkiqabağı kampaniyası başlayan kimi Rusiyayla bağlı fikirlərinə görə - 2008-ci ilin avqust müharibəsi bəyanatına görə Zurabişviliyə qarşı bir sıra ittihamlar irəli sürülüb.

Jurnalistin sualına cavab verən Zurabişvili deyib ki, Rusiya Gürcüstana qarşı müharibəni hələ yüz il əvvəl başlayıb, lakin Gürcüstan münaqişənin yeni dövrünü başladan Rusiya təxribatına cəlb olunub.

Salome Zurabişvilinin bəyanatı müxalifət və bir çox hakim partiya nümayəndələri tərəfindən bəyənilməyib. Daha sonra o izah edib ki, 2008-ci ildə təcavüzkar rolunda Rusiya çıxış edib. Lakin onun sözlərinə görə, Rusiya təxribatına hərbi cavab verməklə Saakaşvili və ətrafı Moskvanın xeyrinə addım atıb.