"Bəlkə texniki məğlubiyyətdən sonra qələbə qazanacağıq" - MÜSAHİBƏ


İdman 16 Sen 2018 13:29:00 228 0

"Bəlkə texniki məğlubiyyətdən sonra qələbə qazanacağıq" - MÜSAHİBƏ

"Səbail" klubunun futbolçusu Rahid Əmirquliyevin Azərbaycan Premyer Liqasının IV turunda evdə "Zirə” ilə 1:1 heç-heçə etdikləri oyundan sonra bir neçə sualı cavablandırıb. Goal.az həmin müsahibəni təqdim edir. 

- Oyun barədə nə deyə bilərsiniz?

- "Zirə"də bəzi dəyişikliklər olub. Kluba təzə baş məşqçi gəlib. Samir Abasovun "Sumqayıt"da nələrə nail olduğunu hamı bilir. Bizi çətin oyunun gözlədiyini bilirdik. Bu matça yaxşı hazırlaşmışdıq. İlk növbədə bu mövsüm evdə ilk qələbəmizi qazanmaq istəyirdik. Təəssüf ki, matç bərabərliklə yekunlaşdı.

- Bu qarşılaşmada "Zirə"yə texniki məğlubiyyət verilə bilər. Rəqibiniz protokolda səhvə yol verib...

- Mən də bu məlumatı oyundan sonra eşitdim. Bu, texniki səhvdir. Oyuna baxanda da görmək olar ki, bərabər səviyyədə mübarizə gedirdi.

- Öz oyununuz barədə nə deyə bilərsiniz? Son vaxtlar daha yaxşı çıxış edirsiniz.

- Futbolçu matçlarda iştirak etməyəndə oyunu alınmır. Həmişə yaxşı formada olmaq üçün sabit oynamaq lazımdır. "Səbail"ə isə oynamaq üçün gəlmişəm. Əvvəlki formama qayıtmaq istəyirəm. Yaxşı formada olduğumu deməzdim. Çalışıram ki, hər oyunda maksimum dərəcədə çıxış edim.

- "Zirə"nin qapısına vurduğunuz qol baxımlı alındı...

- Yaxşı qol alındı. Lakin həmin epizodda qapıçının da səhvi var idi. Düşünürəm ki, Anar Nəzirov həmin topu dəf edə bilərdi.

- "Səbail” hələ ki, rəsmi oyunlarda "Zirə"ni məğlub edə bilməyib. Bu tilsim nə vaxt qırılacaq? "Səbail” bəlkə də texniki məğlubiyyətlə "Zirə”ni üstələyə bildi...

- "Zirə” zəif komanda deyil ki, onları rahatlıqla məğlub etmək olsun. Oyundan öncə də belə statistikanın olduğunu bilirdik. Bu statistikanı dəyişmək istəyirdik. Ancaq alınmadı. Sizin də qeyd etdiyiniz kimi bəlkə texniki məğlubiyyətdən sonra qələbə qazanacağıq (gülür).

- Milli komandanın heyətinə cəlb olunsanız da iki matçda da iştirak etmədiniz. Bu barədə nə deyə bilərsiniz?

- Yığma komanda ilə heç bir oyunda meydanda olmadım. Bu, baş məşqçinin qərarıdır. Məşqlərə baxır və qərar verir. Qərarlara hörmətlə yanaşmaq lazımdır.

- Milli komandanın heyətinə düşə biləcəksinizmi?

- Çalışıram ki, hər oyunda komandaya kömək edim. Çağırsalar, can-başla çıxış etməyə hazıram. Həmişə millidə oynamışam. Oynamağa hazıram.

- Millimizin yer aldığı qrupu necə dəyərləndirirsiniz? Yığmanın vəziyyəti o qədər də yaxşı deyil. 2 oyuna 2 xal toplaya bilmişik...

- Biz iki matçda da qələbə qazanmaq istəyirdik. İlk iki turda 6 xal hədəfləyirdik. Ancaq futbolda bəzi hallarda istəmədiyimiz nəticələr də olur. Bu vəziyyətə özümüz düşmüşük. Özümüz də çıxmalıyıq. İnanıram ki, növbəti matçlarda lazım olan nəticəni əldə edəcəyik.

- Milli komandanın heyətinə düşməməyiniz ruh düşkünlüyünə səbəb olurmu? Bu hal davam edəcəyi təqdirdə yığmadakı karyeranızı başa vurmaq barədə düşünəcəksiniz?

- Mən başa düşürəm ki, çox oyun keçirməmişəm və formada deyiləm. Ona görə də heyətdə olmamışam. Əksinə, bu mənə əlavə motivasiya verir ki, daha da işləyim və yaxşı formada olum ki, yığmanın əsas heyətinə düşə bilim.

- Kosovo və Malta ilə oyunda iştirak etsəydiniz, "Zirə"yə vurduğunuz qoldan rəqib qapılarına vura bilərdiniz? 2015-ci ildə Avropa çempionatının seçmə mərhələsində Malta ilə oyunda iki qol vurmusunuz...

- Həmin oyunda hər iki qolu mən vurmuşdum. Bu futboldur, bilmək olmur. Bəlkə də həmin qarşılaşmalarda iştirak etsəydim, yaxşı oynaya bilməyəcəkdim.

Report