Millət vəkili: Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olacaq


Digərləri 15 Sen 2018 17:33:00 249 0

Millət vəkili: Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olacaq

Bakının işğaldan azad edilməsi günü Azərbaycan üçün ən şərəfli tarixlərdən biridir

Bakı. Elçin Mehdiyev - Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və erməni daşnaklarından azad edilməsinin 100 ili tamam olur. Bu gün Azərbaycan üçün ən şərəfli tarixlərdən biridir. Bunu Trend-ə millət vəkili Rauf Əliyev deyib. Millət vəkili qeyd edib ki, 28 may 1918-ci ildə Azərbaycan dövlət müstəqilliyini elan edəndən sonra Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət Osmanlı Türkiyəsi oldu: "Müstəqillik elan olunduqdan sonra yeni yaranmış dövlətin paytaxt məsələsi gündəmə gəldi. O zaman Bakı işğal altında olduğu üçün yeni yaranmış hökumət Gəncədə fəaliyyət göstərməyə başlamışdı. Milli ordu da yeni yaranırdı və kifayət qədər gücə malik deyildi. Belə bir vəziyyətdə yeni yaranmış Azərbaycan hökuməti kömək üçün qardaş Osmanlı dövlətinə müraciət etdi. Osmanlılar Azərbaycanı darda qoymadı. 15 sentyabr 1918-ci il tarixdə görkəmli türk sərkərdəsi Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu tərəfindən Bakı işğalçılardan azad olundu. Bu ordu Bakının azad edilməsində böyük cəsarət göstərib, onun tərkibində döyüşən yüzlərlə türk əsgər şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan xalqı türk əsgərlərin bu qəhrəmanlıqlarını heç vaxt unutmayıb və unutmayacaq". R.Əliyev bildirib ki, Bakının azad edilməsinin böyük hərbi və siyasi əhəmiyyəti vardı: "Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsi Azərbaycanın varlığı və gələcəyi üçün müstəsna əhəmiyyətə malik idi". O əlavə edib ki, Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini elan edən zaman yenə Azərbaycanı ilk tanıyan dövlət qardaş Türkiyə oldu: "Ulu öndər Heydər Əliyev demişdi: “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əməkdaşlığı ən yüksək strateji əməkdaşlıq səviyyəsinə çatıb və bu əməkdaşlıq ildən-ilə daha da möhkəmlənir və güclənir. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olacaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin