BŞTİ rəsmisi: "Şagirdlərin şəraiti yaxşılaşır, təhsilin keyfiyyəti yüksəlir"


Digərləri 15 Sen 2018 15:54:00 233 0

BŞTİ rəsmisi: "Şagirdlərin şəraiti yaxşılaşır, təhsilin keyfiyyəti yüksəlir"

Azərbaycanın müstəqillik illərində, xüsusilə 1993-cü ildən etibarən təhsilin inkişafı dövlət siyasətinin proritet istiqamətlərindən biri olub.

Son.az bildirir ki, bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.

B.Məmmədov bildirib ki, bu siyasət 2003-cü ildən bəri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Təsadüfi deyil ki, 2003-cü ildən ötən müddət ərzində Azərbaycanda 3 mindən artıq məktəb inşa olunub, əsaslı təmir edilib və ya əlavə tədris korpusları tikilib. Bu, yüz minlərlə şagirdin təhsil şəraitinin yaxşılaşdırılmasına, məktəblərdə tədris mühitinin daha yüksək səviyyəyə yüksəlməsinə imkan yaradıb. Eyni zamanda, müəllimlərə göstərilən diqqət, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən atılan addımlar davamlı xarakter daşıyır".

Yeni dərs ilinə hazırlıq çərçivəsində paytaxtın ümumi təhsil məktəblərində görülən işlərə diqqəti çəkən B.Məmmədov BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəblərdən 13-də əsaslı təmir işləri aparıldığını söyləyib:

"Bundan əlavə, mövcud olan 2 məktəb binasının və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb (ümumilikdə 4 məktəb). Eləcə də 1 məktəbin qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilib. Həmçinin, 1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi və 25 məktəbdə cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb. Təhsil işçiləri üçün çox qürurvericidir ki, ölkə Prezidenti İlham Əliyev bu məktəblərdə təmirdən sonra yaradılan şəraitlə tanış olub və açılış mərasimlərində iştirak edib".