15 sentyabr


Digərləri 15 Sen 2018 14:54:00 398 0

15 sentyabr

1918-ci il sentyabrın 15-də Bakı şəhərinin Qafqaz İslam Ordusunun köməyi ilə erməni-bolşevik quldur dəstələrinin əsarətindən azad olunması Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bakının azad olunması həm də Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.

Son.az AZƏRTAC-a istinadən tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanovun bu mühüm hadisə ilə bağlı tarixi faktların yer aldığı qeydlərini təqdim edir.

1918-ci ildə müstəqilliyini elan etməsi ərəfəsində Azərbaycanda mürəkkəb və təhlükəli hərbi-siyasi şərait mövcud idi. Belə ki, Cümhuriyyətin elan edildiyi sərhədlər daxilində olan ərazilərin çoxu, o cümlədən Bakı şəhəri Azərbaycan xalqının müstəqilliyinə və mövcudluğuna qənim kəsilmiş yad qüvvələrin işğalı altında idi. Obyektiv tarixi səbəblər üzündən Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə onun müstəqilliyini müdafiə etməyə qadir olacaq yetərli milli hərbi qüvvələr hələ formalaşmamışdı. Ona görə də Cümhuriyyət hökuməti hərbi kömək göstərilməsi üçün Osmanlı Türkiyəsinə müraciət etdi və bu müraciətdən sonra Azərbaycana gəlmiş türk hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Nuru paşa ordunun komandanı təyin edildi.

1918-ci il iyulun son günlərində Qafqaz İslam Ordusunun qüvvələrini Bakı ətrafında cəmləşdirməsi ilə Stepan Şaumyanın rəhbərliyi altında olan Bakı Soveti şəhərə nəzarəti Sentrokaspi adlanan eser-menşevik-daşnak hökumətinə təhvil vermək məcburiyyəti qarşısında qaldı. Sentrokaspi diktaturası özünü Bakının hakimi elan etdikdən sonra daşnak nümayəndələri İrana göndərildi və İranda mövcud olan ingilis hərbi qüvvələrinin komandanı general Denstervil rəhbərlik etdiyi hərbi qüvvə ilə birlikdə Bakıya dəvət olundu. Bakı neftinə və bütünlükdə Xəzər hövzəsinə sahib olmaq üçün yollar axtaran Böyük Britaniya hökuməti yaranmış fürsətdən istifadə etməyə çalışdı və general Denstervilə göstəriş verildi ki, Bakıya hərbi qüvvə çıxarsın. Nəticədə, Bakıya göndərilməsi qərarlaşdırılan 39-cu ingilis briqadasının ilk bölmələri 1918-ci il avqustun 4-də gəmilərlə Ənzəlidən Bakıya gətirildi. Onların gəlişini sonsuz sevinclə qarşılayan erməni daşnakları öz niyyətlərinə çox yaxın olduqlarını düşünürdülər. Bakı üzərində həyata keçirilmiş ilk genişmiqyaslı hücumun nəticələri də onların bu sevincini artırırdı. Belə ki, 1918-ci il avqustun 5-də Qafqaz İslam Ordusu qüvvələri tərəfindən Bakı şəhərinin təmizlənməsi üçün başlanılan ilk irimiqyaslı hücum gözlənilən nəticəni vermədi. Qafqaz İslam Ordusunun qüvvələri "Qurd qapısı" istiqamətindən başlanan hücumda bu yüksəkliklərdə yerləşən ilk səngərləri ələ keçirsələr də, döyüşün inkişaf etdirilməsi üçün yaranan təchizat çətinlikləri üzündən sonradan əvvəlki mövqelərinə geri çəkilmək məcburiyyətində qaldılar. Beş avqust döyüşünün nəticələri Qafqaz İslam Ordusu komandanlığının iradəsini qıra bilmədi. Dərhal Bakı üzərinə növbəti uğurlu hücumun təşkil edilməsi üçün zəruri hazırlıq tədbirlərinin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə başlandı. Cəbhə bölgəsində aparılan təhlillərdən sonra Azərbaycana əlavə bir türk diviziyasının göndərilməsi haqqında məsələ qaldırıldı. Bu məsələ ilə bağlı Türkiyə Hərbi Nazirliyinə müraciət edildi. Bakı şəhərinin ən qısa zamanda azad olunmasını arzulayan Ənvər paşa da bu təkliflə razılaşaraq 15-ci piyada diviziyasının Bakı ətrafına göndərilməsi haqqında sərəncam verdi.

Eyni zamanda, Azərbaycan daxilində yenidən mövcud qüvvələrin cəbhəyə səfərbər edilməsi üçün lazımi tədbirlər görüldü. Bakı ətrafındakı milli qüvvələrə kömək məqsədilə Ağdaş alayının bölmələri bura gətirildi, Qazax və Gəncə ətrafında toplanmış milli qüvvələrin Bakı ətrafına göndərilməsinə göstəriş verildi.

Sentyabrın 6-da Türkiyədən əlavə olaraq göndərilən 15-ci piyada diviziyası nəhayət ki, Ağstafaya çatdı və oradan da qatarla Gəncəyə yola düşdü. Elə həmin gün saat 10-da Gəncə dəmir yolu stansiyasında diviziyanın şəxsi heyətinin qarşılanması oldu. Bundan sonra 15-ci diviziya Bakı ətrafına yola salındı. Bu diviziyanın gəlişi ilə Bakı üzərinə həlledici hücuma hazırlıq son mərhələyə qədəm qoydu. Hücumun təşkili məqsədilə sentyabrın 10-da Qafqaz İslam Ordusu komandanı Nuru paşa və Azərbaycan Korpusunun komandanı Əlağa Şıxlinski Bakı ətrafına gəldilər. Nuru paşa və Əlağa Şıxlinski şəhər ətrafındakı vəziyyətlə tanış oldular, komandirlərin məruzələrini dinlədilər. Mövcud vəziyyət qiymətləndirildikdən sonra sentyabrın 13-də saat 17:11-də Hacı Həsən kəndinin qərbindəki müşahidə məntəqəsində Nuru paşa Bakı üzərinə həlledici hücumu başlamaq barədə döyüş əmrini imzaladı. Əmrə əsasən, Bakı şəhərinin azad edilməsi üçün həlledici hücum sentyabrın 14-nə keçən gecə başlamalı idi.

Bakı şəhəri üzərinə hücum edən 5-ci türk piyada diviziyasının qərargah rəisi qayməqam Rüştü bəy xatirələrində yazırdı ki, o gecə heç kim yatmamışdı və döyüşçülər 5 avqust döyüşünün intiqamını almaq üçün hücum saatının çatmasını səbirsizliklə gözləyirdilər: "Bunu ərz etməliyəm ki, 5-ci Qafqaz firqəsi ona Vətən əqsamının istihlas və istirdadında Azərbaycanda olduğu qədər müşkülata, qanlı və ələmli zayiata uğramamışdı. Həm din və həm irqini qurtarmaq üçün mənsub olduğu millətin və ordunun qəhrəmanlıq dastanını yerə düşürməmək üçün zabitan və əfradımız böyük bir fərağati-nəfislə çalışmış, qiymətli qanlarını axıtmış və bilafütur müəzzəz canlarını da fəda etmişlərdi.

İstiqlalına aşiq Anadolu türkü, nəhayət, qonşu və qardaş millətin istiqlalını da həmin mücadilələr ilə təmin və azərbaycanlıların əlinə tövdü və təslim etmişdi. Bakısız Azərbaycan başsız bir vücuddur. Onsuz bir işə yaramazdı. Binaənəleyh Azərbaycan Cümhuriyyəti və istiqlaliyyətini behəmehal Bakı ikmal və itmam edəcəkdi. 5-ci Qafqaz firqəsi bunu əldə etmək üçün avqust bidayətlərində günlərcə boğaz-boğaza düşmənlə müharibə və mücadilə etdi. Fəqət məalesəf Bakının alınması 39 gün qədər təəhhür etdi".

Rüştü bəy onu da əlavə edirdi ki, qarşıda ağır bir döyüş dayanırdı. "Qurd qapısı" üzərindən hücuma keçmək elə də asan deyildi. Bu sərt təpəliklərə qalxmaq üçün yalnız ensiz bir yol var idi. Qoşunlar isə daha geniş bir cəbhədə hərəkət etməli idilər. Onlar gecə ikən Şubanı yüksəkliklərindən enməli, dəmir yolunu keçdikdən sonra sərt təpəliklərə qalxmalı idilər. Hələ gündüz ikən bu təbii maneələri adlamaq çox böyük zəhmət tələb edirdi. Gecə isə tam səssizliyə riayət edilməsi, düşmənin duyuq düşməsinə yol verilməməsi lazım idi.