Araz Abdullayev Yunanıstan klubundan niyə ayrıldığını açıqlamaqdan imtina edib


İdman 15 Sen 2018 12:31:00 240 0

Araz Abdullayev Yunanıstan klubundan niyə ayrıldığını açıqlamaqdan imtina edib

Ağdamın "Qarabağ" klubunun futbolçusu Araz Abdullayev Topaz Premyer Liqasının IV turunda evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Goal.az həmin müsahibəni təqdim edir:

"Qarabağ”da rəsmi debütünü reallaşdırdın. Oyunla bağlı fikirlərin necədir?

- Vacib oyun idi. "Sportinq”lə səfər görüşünə yaxşı motivasiya ilə yollanmaq üçün qalib gəlmək istəyirdik. Bir müddət idi ki, futbol oynamırdım. Düzdür, bir az ağır oldu. Oyundan-oyuna çalışacağam ki, daha yaxşı olsun.

Yunanıstanın "Panionios” klubu ilə müqavilə imzalayandan sonra nə üçün orada qalmadın?

- Məşqə çıxdıq. Klubla danışdıq ki, müqaviləni pozmaq lazımdır. Bunu açıqlamaq istəmirəm.

Avstriyanın "Mattersburq” klubuna keçidiniz niyə baş tutmadı?

- Klublar arasında olan danışıqlar idi. Mən oyunçuyam.

Düşünmürsünüz ki, "Panionios”da qalaraq, orada oynamaq daha yaxşı olardı?

- İndiki vəziyyətdə "Qarabağ”a gəldiyim üçün şadam. "Qarabağ” Azərbaycanın böyük klubudur. Çalışacağam ki, karyeramı daha da inkişaf etdirim.

Başqa məşqçilərin rəhbərliyində intizamsızlığınızla seçilirdiniz. İctimaiyyətdə belə fikir formalaşıb ki, Qurban Qurbanovun rəhbərliyi altında əl-qolunu çırmalayıb futbolunu oynayacaqsan və başqa Araz olacaqsan.

- Əlbəttə, Qurban Qurbanov amili var. Məşqçi və oyunçuların ustalıq keyfiyyətləri yüksəkdir. Belə şəraitdə oynamaq futbolçunun karyerası üçün də xeyirlidir.

Legioner karyeranız parlaq alınmadı. Nə üçün azərbaycanlı futbolçular xaricə yollandıqdan 6 ay sonra qucağımıza dönürlər?

- Mən elə fikirləşmirəm. Məndə normal getdi. Çalışırdım ki, Azərbaycanı yaxşı təmsil edim. Hər şey qaydasında idi. Pis alınmırdı. Klublar arasında deyəsən, maddi məsələdə razılıq əldə edilmədi.

Gənc yaşlarından sizə etimad böyük olub. Çünki istedadınız göz önündədir. Amma stabil şəkildə oynamamısan. "Qarabağ” sənin üçün son addımdır?

- "Qarabağ”da hər oyunçu şans gözləyir. Ola bilər ki, bir oyun zəif oynayarsan, digəri belə də, sənin mövqeyini ələ keçirsin. Yəni, rəqabət varsa, inkişaf var. Mən rəqabətdən çəkinən futbolçu olmamışam. Çalışıram ki, oyunla bunu sübut edim. Danışmağı xoşlamıram.

"Sporting”lə oyunda "Qarabağ”ın şansını necə dəyərləndirirsən?

- Çətin qrupa düşmüşük. "Sporting”lə oyundan öncə bu matçı düşünürük. Çempion olmaq üçün evdəki bütün oyunları udmaq lazımdır. Xalq "Qarabağ”dan həmişə yaxşı nəticələr gözləyir. Biz də çalışacağıq ki, onları sevindirək.

Milli komandamızın vacib futbolçususan. Sənin yoxluğunda milli Kosovo və Maltanı məğlub edə bilmədi. Komandada nə çatışmadı?

- Komandanın baş məşqçisi var. Ondan soruşarsınız. Özüm istərdim ki, tam formada olub, komandaya kömək edim. Bunun üçün meydanda yaxşı oynayıb, yığmaya dəvət almaq lazımdır.