Gələcəyini kodlaşdıranlar arasından qaliblər seçildi


Digərləri 15 Sen 2018 12:19:00 252 0

Gələcəyini kodlaşdıranlar arasından qaliblər seçildi

Sentyabr ayının 5-dən başlayaraq 10 gün ərzində davam edən intensiv İKT üzrə "Code for Future" (Gələcəyi kodlaşdır) yay düşərgəsi uğurla başa çatıb.

Son.az xəbər verir ki, Biləsuvar rayonunda yerləşən, Cəbrayıl rayonu 7 saylı köçkün qəsəbəsi, İ. Tahirov adına Mehdili kənd orta məktəbində baş tutan "Code for Future" (Gələcəyi kodlaşdır) təşəbbüsünün ilk layihəsində ətraf qəsəbələrdən 322 uşaq ərizələrini təqdim etsə də, onlardan cəmi 45 nəfər təlim öncəsi test imtahanından uğurla keçərək layihədə iştirak hüququ qazanıb. 

11 məktəbdən seçilən 45 nəfər VII-IX sinif şagirdləri kodlaşdırma dərsləri almaqla yanaşı, sosial bacarıqlarının və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi üzrə təlimlər alıb. Ödənişsiz olan tədris düşərgəsində kodlaşma sahəsində uşaqlar üçün həm əyləncəli, həm də daha asan qavrana bilinən "HTML", "Scratch", "CSS" və "Python" kimi proqramlaşdırma dilləri tədris edilib.

Tədris düşərgəsində təlim keçənlər "Code Academy"nin peşəkar təlimçiləri arasından seçilmiş 6 nəfər müəllim olub. İştirakçılardan ən yaxşı nəticələr göstərən Zəhra Behbudova, Məhəmmədəli Həsənov, Hüseyn Mərdanlı və Leyla Aslanova sonda notbukla mükafatlandırılıb. Həmçinin informasiya texnologiyaları sahəsində xüsusi bacarıqları ilə seçilən 3 nəfər iştirakçı Hüseyn Mərdanlı, Zəhra Behbudova və Məhəmmədəli Həsənov "Code Academy"də pulsuz təhsil almaq imkanı qazanıb. Seçilən şagirdlər arasında qızlar həm saylarına həm də göstərdikləri yüksək nəticələrə görə seçilib.

Tədbirdə ABŞ-ın ölkəmizdəki səfirliyi, Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, Qaçqınların və Məcburi kömkünlərin işləri üzrə dövlət komitəsi, Cəbrayıl rayon icra hakimiyyəti, UNİCEF və digər yerli və xarici qurumların nümayəndələri və rəhbərləri qatılıb.

Bağlanış mərasimində iştirak edən Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov mütəmadi olaraq keçirilən dərslərlə şəxsən maraqlandığını və bu kimi təşəbbüslərin uşaqların gələcək fəaliyyətinə müsbət nəticə göstərəəcəyinə şübhə etmədiyini bildirib.