15 sentyabr paradı bütün dünyaya mesaj, düşmənlərə xəbərdarlıqdır


Digərləri 15 Sen 2018 07:00:00 268 0

15 sentyabr paradı bütün dünyaya mesaj, düşmənlərə xəbərdarlıqdır

"Sentyabrın 15-i Azərbaycan tarixində və xalqımızın taleyində 28 may 1918-ci il günü qədər önəmli bir təqvimdir. Bu iki təqvimin biri digərini tamamlayır, çünki biri olmasa da, digəri indiyədək mövcud ola bilməzdi. Bu, uçan varlıqların qanadlarına bənzəyir. Bir qanaq olmasa, uça bilməz".

Bunu Son.az-a açıqlamasında Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Fəzail İbrahimli bildirib.

"Prezident İlham Əliyevin bu addımı millətə, dövlətə, xalqa, keçmişə, bu günə və sabaha olan münasibətinin ifadəsi və etirafıdır" Professorun sözlərinə görə, bu çox şərəfli və eyni zamanda keşməkeşlərlə dolu bir tarixdir: "1918-ci ilin mayın 28-də Azərbaycanın İqtiqlal Bəyannaməsi elan olundu. Bu hələ Azərbaycanın öz istiqlalına, müstəqilliyinə tam qovuşması demək deyildi. Həmin gün sadəcə müstəqillik elan edilmişdi. Zaman məsələni çox kəskin qoymuşdu - ya ayağa dur, öz tarixi taleyini həll et, itirilmiş dövlətçiliyini bərpa et, dövlətlərin sırasında dayanaraq bütün dünyaya bəyan ki, mən varam və dövlətim, tarixi dövlətçiliyim var, onu bərpa elədim, ya da bölün, parçalan, hissələrə bölün və ayrı-ayrı dövlətlərin istəklərini reallaşdıran quruma çevril. Bu tarixi həqiqəti dərk edən, o zaman Avropanın qabaqcıl düşüncələrinə, Rusiyanın mütərəqqi təhsilinə yiyələnən bir qrup böyük Azərbaycan kişisi ayağa qalxdı və bu məsuliyyəti öz üzərinə götürüb ölkəmizin istiqlaliyyətini elan etdi. Bəyannamə Tiflisdə, qərib bir ölkədə qəbul edildi. O zaman gürcülər də özlərini müstəqil elan etmişdilər. Tiflis gürcülərin vətəni, paytaxtı idi. Digər tərəfdən, almanlarla işbirlikləri var idi və almanlar həmin dövrdə Dünya müharibəsinin gedişində qalib dövlət idi. Azərbaycanda isə Bakıda erməni daşnakları hakimiyyətə gəlib, martda soyqırımı törədib, apreldə öz hökumətini yaradıb. Aprelin 25-də isə Xalq Komissarları Soveti bütün ixtiyarı da türk xalqının düşməni Şaumyana verdi. Beləliklə, Azərbaycanın istiqlanının yaşaması, bəyannamənin həyata keçirilməsi üçün ordusu, donanması olan və arxasında bolşevik Moskvasının durduğu bir qüvvə darmadağın edilməliydi. Zaqafqaziya Seyminin üzvləri qərib ölkədə, ordusu, hərbi gücü yox, iqtisadiyyatı yox, yalnız kağız üzərində İstiqlal Bəyannaməsini elan edən, amma içərisində böyük dövlətçilik istəyi yaşadan və tarixi məsuliyyəti öz üzərinə götürən insanlar var idi. Belə bir məqamda Osmanlı Türkiyəsinin Qafqaz siyasəti ilə Azərbaycanın öz istiqlalına qovuşması hadisəsi üst-üstə düşdü. Afrika cəbhəsində məğlub olan Osmanlı imperiyası öz hərbi qüvvələrini Qafqaza yeritdi. Onların içində Nuri paşa Qafqaza gələn zaman Milli Şura tərəfindən Türkiyəyə kömək üçün müraciət qəbul edildi. Çünki iyunun 4-də Batum konfransında Türkiyədə hərbi müqavilədə Azərbaycanın müraciət edə biləcəyinə dair bənd var idi. Nəticədə Nuri paşanın rəhbərliyi altında türk ordusu Gəncəyə gəldi. Bu heç də asan məsələ deyildi. Bolşevik Rusiyanın öz istəyi, maraqları var idi. Bakı nefti onlara lazım idi və bura xüsusi diqqət yetirilirdi. Bolşeviklərin taleyi də Bakı neftindən çox asılı idi. Belə olan halda ölkənin bir qütbündə Azərbaycan hökuməti, digər qütbündə - paytaxt Bakıda isə ermənilər. Necə etmək olardı? Burada artıq yalnız Osmanlı imperiyası müdaxilə edə bilərdi. Lakin bir məqam da var idi ki, Nuri paşa birbaşa Osmanlı dövlətinin nümayəndəsi kimi hücum edib gələ bilməzdi. Çünki burada müttəfiq Almaniya məsələsi və beynəlxalq hüquq normaları var idi. Ona görə də düşünülmüş addım atıldı. Azərbaycanda azərbaycanlılardan ibarət hərbi qüvvələrlə Nuri paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri birləşib Qafqaz İslam Ordusu adı altında yürüşə başlandı. Buna çox ciddi maneələr oldu. Hətta o zaman Almaniya Türkiyəyə ultimatum da verdi ki, əgər Bakıya girilsə türk qoşunlarındakı alman generalları geri çağırılacaq. Bundan əlavə, Rusiyada Leninin rəhbərliyi ilə bolşeviklər Almaniya ilə danışıqlar aparırdı ki, sizə Bakı neftindən nə qədər istəyirsiz verəcəyik, amma qoymayın türklər ora girsin. Lakin bütün hədələrə və maneələrə baxmayaraq, 1918-ci ildə sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakıya girdi və şəhər azad edildi".

"Bu, eyni zamanda bütün dünyaya ismarıcdır" Millət vəkilinin fikrincə, bu hadisənin tarixi əhəmiyyəti hədsiz-hüdudsuzdur: "Bakının azad edilməsinin əhəmiyyəti misilsizdir. O nə nitqə, nə fikrə, nə cümləyə, nə də bir əsərə sığmır, bəşəri əhəmiyyət daşıyır. Bununla Azərbaycan dövləti xilas edildi. Azərbaycanın istiqlalı reallaşdı. Bugünkü Azərbaycan Respublikasının mövcudluğu üçün məhz 15 sentyabrda addım atıldı. Əgər 23 aylıq Azərbaycan Cümhuriyyəti qurulmasaydı və sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakıya girməsəydi indiki respublika da olmazdı. 23 ay ərzində 23 ilə görüləsi mümkün olmayan işlər görüldü. Sonradan bolşevik Rusiyasının işğal etdiyi o dövlət 1991-ci ildə həmin sərhədlər daxilində müstəqilliyini bərpa etdi. Bunların hamısının arxasında 15 sentyabr tarixi durur.