İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mərkəzi Klinika ilə əməkdaşlıq memorandumu imzalayıb (FOTO)


Digərləri 14 Sen 2018 19:49:00 299 0

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mərkəzi Klinika ilə əməkdaşlıq memorandumu imzalayıb (FOTO)

Tibb sahəsində əməkdaşlıq münasibətlərinin qurulması və genişləndirilməsinə dair əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilib.

Bakı. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Mərkəzi Klinika arasında tibb sahəsində əməkdaşlıq münasibətlərinin qurulması və genişləndirilməsinə dair əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, memorandumu Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Mərkəzi Klinikanın baş direktoru İxtiyar Sultanov imzalayıblar. Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri bildirib ki, qarşılıqlı əməkdaşlıq tibb müəssisələrinin səmərəli fəaliyyətinin təşkilinə, ayrı-ayrı ixtisaslar üzrə tibbi xidmətlərin müasir tələblərə uyğun qurulmasına, göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, tibb personalının bilik, bacarıq və praktik təcrübəsinin təkmilləşdirilməsinə, innovativ müalicə üsulları və tibbi texnologiyaların tətbiqinə dair maarifləndirməyə və dolayısı ilə əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə, eləcə də müxtəlif sahələrdə yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə seminar, konfrans və təlimlərin təşkili işlərinin aparılmasına öz töhfəsini verəcək.