Gəray Gəraybəyli: "Tələbələrimiz müəllimlərə qiymət verəcəklər"


Digərləri 14 Sen 2018 10:08:00 254 0

Gəray Gəraybəyli: "Tələbələrimiz müəllimlərə qiymət verəcəklər"

Son.az Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin Trend-ə müsahibəsini təqdim edir:

- Gəray müəllim, son illər ərzində ATU-da hansı islahatlar həyata keçirilib?

- Əvvəlcə onu qeyd edim ki, bizim əsas məqsədimiz Azərbaycan Tibb Universitetində təhsil sistemini təkmilləşdirmək, proqramı beynəlxalq standartlara uyğunlaşdırmaq, tələbələrimizin xarici ölkələrdə daha çox təcrübə keçməsinə imkan yaratmaq, onların daha çox faydalı bilik, o cümlədən praktiki bacarıq əldə etməsinə yardım etməkdir. Bu və nəzərdə tutduğumuz digər islahatları reallaşdırmaq üçün əvvəlcə bir sıra sənədlər qəbul etdik. Məsələn, ATU-nun Nizamnaməsi qəbul edildi və Səhiyyə Nazirliyi tərəfindən təsdiqləndi. Azərbaycan Tibb Universitetinin Klinikaları haqqında əsasnamələr qəbul olundu.

Digər sənədlər arasında Azərbaycan Tibb Universitetində təhsilin keyfiyyətinin təminatı sistemi haqqında Bəyannamə, ATU-nun müxtəlif kafedralarında fəaliyyət göstərən laboratoriyaların əsasnamələrinin qəbulunu göstərmək olar. ATU-da professor-müəllim heyətinin fəaliyyətinin obyektiv qiymətləndirilməsi üçün də komissiya və bal-reytinq şkalası yaradılıb.

Əsasnamə layihəsinə əsasən, pilot kafedralar seçiləcək və burada müəyyən meyarlar əsasında qiymətləndirmə aparılacaq.

Bu tədris ilindən etibarən bütün müəllimlər bal-reytinq şkalasından keçdikdən sonra müsabiqəyə buraxılacaqlar.

Xüsusilə qeyd etmək istərdim ki, ilk dəfə olaraq biz işimizin daha düzgün qiymətləndiriməsi, fəaliyyətimizdə şəffaflığın artırılması üçün Azərbaycan Tibb Universitetinin Rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının yaradılmasına qərar verdik. Ötən ilin mayında bu şuranın Əsasnaməsi qəbul edildi. Hazırda həmin təşkilatın üzvləri arasında millət vəkilləri, ölkənin tanınmış KİV rəhbərləri, QHT sədrləri var. Onlar mütəmadi olaraq ATU-da olur, imtahanların gedişini, qəbul prosesini izləyirlər, iradlarını, məsləhətlərini səsləndirirlər. Artıq onların təklifləri əsasında islahatlar da aparılıb.

Bundan əlavə, Azərbaycan Tibb Universitetinin yeni atributları - gerbi və loqosu qəbul edildi. Bu rəmzlərin seçilməsi üçün tələbələr arasında elektron sorğu da keçirildi. Daha sonra ATU-nun himni qəbul edildi. Bunlar tələbələrimizin daha da həmrəy olmasına və ATU-nun daha yaxşı təqdimatına yardım etdi.

- Yeni qəbul edilən sənədlər sayəsində hansı sahədə dəyişiklik oldu? Yeniliklər müəllim və tələbələrin işinə, təhsilinə necə təsir göstərdi?

- Ciddi islahatlardan biri buraxılış imtahanları ilə bağlı idi. Keçən ildən etibarən ATU-da Buraxılış Dövlət İmtahanları yeni formada - Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ) bacarıq imtahanı formasında aparılır. Biz bunu ən əsas dəyişiklik adlandıra bilərik. Çünki indiyədək tələbələrin əsasən nəzəri bilikləri qiymətləndirilirdi. İndi isə tələbələrin gələcəkdə bacarıqlı həkim kimi yetişməsinin göstərici olan praktiki bacarıqlarına da qiymət verilir. Tələbələrə bir neçə dəqiqə ərzində konkret tapşırıqları yerinə yetirmək təklif olunur, məsələn, xəstəyə süni nəfəs vermək, ürəyi masaj etmək, venaya iynə vurmaq və s.

Digər tərəfdən, imtahan sessiyalarında 1-ci kurs tələbələrinin qış imtahan sessiyasında yeni imtahan sistemi tətbiq etdik.

İmtahanlarla bağlı mühüm dəyişikliklərdən biri də Elektron Universitetin yaradılması ilə bağlıdır. Belə ki, əvvəllər imtahanların nəticələri adi qaydada təqdim olunurdu. İndi isə ATU-da yeni yaradılmış İnformasiya texnologiyaları şöbəsinin vasitəsilə imtahan nəticələri statistik formada hazırlanır və dekan müavinlərinə təqdim olunur. Burada qiymətlərin statistikası, ümumi imtahanın statistikası açıqlanır.