Bakıda üçüncü İndoneziya Mədəniyyət festivalının təntənəli açılışı olub (FOTO)


Digərləri 14 Sen 2018 09:12:00 217 0

Bakıda üçüncü İndoneziya Mədəniyyət festivalının təntənəli açılışı olub (FOTO)

Sentyabrın 13-də Heydər Əliyev Sarayında üçüncü İndoneziya Mədəniyyət festivalının təntənəli açılış mərasimi keçirilib.

Bakı. Sentyabrın 13-də Heydər Əliyev Sarayında üçüncü İndoneziya Mədəniyyət festivalının təntənəli açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, əvvəlcə tədbir iştirakçıları sarayın foyesində İndoneziya mədəniyyəti və incəsənətini əks etdirən sərgi ilə tanış olublar. İndoneziya təbiətini əks etdirən fotosərgi də maraqla qarşılanıb. Festivalın açılışında çıxış edən ölkəmizdə səfərdə olan İndoneziyanın mədəniyyət və təhsil naziri Mühacir Əfəndi Azərbaycanda olmağından məmnunluğunu ifadə edib. Bildirib ki, “Arxipelaqın ən zəngin mədəniyyətini yaşatmaq” devizi altında üçüncü dəfə təşkil edilən festival ildən-ilə daha maraqlı və zəngin proqramla təqdim edilir. Nazir diqqətə çatdırıb ki, builki festival daha diqqətəlayiqdir. Çünki festival İndoneziyanın müstəqilliyinin 73-cü ildönümünə təsadüf edir. İndoneziya ilə Azərbaycan arasındakı qədim dostluq əlaqələrindən söz açan qonaq bu əlaqələrin daha da inkişaf edərək genişləndiyini bildirib. “İndoneziya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı şəkildə davam edir. Dünyanın ən böyük müsəlman əhalisi olan İndoneziya bütün dinlərə tolerant yanaşmaqda böyük məsuliyyət daşıyır və ISESCO ilə birgə layihələrdə yaxından iştirak edir. Azərbaycanla diplomatik və mədəni əlaqələrin yüksələn xətt üzrə inkişafı dünyada hər iki dövlətin qardaşlıq və sülh tərəfdaşı olmasına işarədir”, - deyə Mühacir Əfəndi vurğulayıb.