Yaqub Mahmudov: Bakının azad olunması ilə ermənilərin şəhəri gələcək paytaxtları etmək siyasətinin qarşısı alındı (MÜSAHİBƏ)


Digərləri 14 Sen 2018 07:30:00 229 0

Yaqub Mahmudov: Bakının azad olunması ilə ermənilərin şəhəri gələcək paytaxtları etmək siyasətinin qarşısı alındı (MÜSAHİBƏ)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun Trend-ə müsahibəsi

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun Trend-ə müsahibəsi - 1918-ci ildə Bakının iş­ğal­dan azad edil­mə­si Azər­bay­can döv­lət­çi­li­yinə hansı mühüm töh­fəni verdi? - 15 sentyabr 1918-ci ildə Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindən biridir. Bu şanlı hadisə şəhərin daşnak quldurlarının əlindən xilas olunması və Bakının Azərbaycan xalqına qaytarılması demək idi. Uzun zaman Azərbaycan Şirvanşahlar dövlətinin paytaxtı olmuş Bakıya 1918-ci ildə yenidən paytaxt statusu verildi. O zaman Bakını milli şəhər statusundan çıxarmaq istəyir, ermənilər isə ona gələcək paytaxtları kimi baxırdılar. Bakının azad olunması ilə bu mənfur siyasətin qarşısı alındı və Bakı milli qüvvələrin cəmləşdiyi Azərbaycan şəhərinə çevrildi. Osmanlı-Azərbaycan hərbi əməkdaşlığı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi qorundu, Azərbaycan Ordusu yaradıldı və Bakı şəhəri azad edilərək Azərbaycanın paytaxtına çevrildi. Ən əsası isə 1918-ci ilin yazından başlayaraq erməni-bolşevik dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar dayandırıldı. Bakının azad edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm hadisədir. - Ba­kı iş­ğal al­tın­da olan zaman mil­li hö­ku­mə­tin ix­ti­ya­rın­da cə­mi 600 nə­fər­lik hər­bi qüv­və­ var idi. Be­lə bir ağır və­ziy­yət­də türk hərbi qüvvələri Bakının işğaldan azad edilməsinə hansı yardımı göstərdilər? - Azərbaycan və türk hərbi qüvvələri 1918-ci ildə erməni-bolşevik dəstələrinə qarşı birgə savaşıblar. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev Bakının azad olunmasını belə xarakterizə edib: “Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır”. Bakının azad olunması, heç şübhəsiz, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun fəaliyyəti olmaqla yanaşı, həm də Azərbaycan xalqının özünün böyük qəhrəmanlıq göstəricisidir. Qeyd edək ki, Nuru Paşanın rəhbərliyi altında olan hərbi qüvvələr Azərbaycan xalqından təcrid olunmuş halda və Azərbaycanın milli hərbi qüvvələri ilə əməkdaşlıq etmədən üzərinə götürdüyü tarixi vəzifələri layiqincə yerinə yetirə bilməzdi. Qafqaz İslam Ordusu Azərbaycanda formalaşdırılıb. Xatırladaq ki, Nəsib bəy Yusifbəyli Nağı bəy Şeyxzamanlıya bu sözləri deyib: “Bütün vəziyyəti Osmanlı dövlətinə anlat, de ki, xalqımız müstəqil yaşamağa əzm etmişdir, bu yolda hər cür fədakarlıq göstərmişdir. Azərbaycanın dörddə üçü bu gün rusların hakimiyyətindən qurtarmış vəziyyətdədir. Bizə qardaş əli uzatsınlar, əlimizdən tutsunlar, istiqlalımızı elan etməyimizə kömək etsinlər. Ancaq bizi özlərinə ilhaq etmək istərlərsə, onda gəlməsinlər. Biz öz yağımızda qovrulub, başımıza çarə taparıq”. Bakının azad olunmasında Azərbaycan xalqının çox böyük rolu var. Düzdür, o vaxt Osmanlı dövləti bizə kömək etdi, amma o zaman xalqımız da ayağa durdu. Bu hadisədə xalq könüllülərimiz, o cümlədən zabitlərimiz, generallarımız çox böyük rol oynadı.