Bananın heç yerdə oxumadığınız faydaları


Digərləri 13 Sen 2018 22:26:00 251 0

Bananın heç yerdə oxumadığınız faydaları

Ölkəmizdə yetişməyən, lakin bazar və dükanlarımızda çox satılan elə meyvələr var ki, onları dadına və ətrinə görə alıb ləzzətlə yesək də, həmin meyvələrin faydası haqqında geniş biliyə malik deyilik.

O meyvələrdən biri olan bananın müalicəvi əhəmiyyətindən xəbərsiz olmaqla yanaşı, hətta bu bitkinin mənşəyi haqqında da aydın təsəvvürümüz yoxdur. Hələ də çoxları bananın vətəninin Afrika qitəsi olduğunu və həmin ərazilərdə daha geniş becərildiyi fikrindədir. Əslində isə həqiqət başqa cürdür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzunillik elmi araşdırmaların müəllifi Zaur Həsənov bananın faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışarkən deyib.

Zaur Həsənov bildirib ki, banan ilk dəfə Makedoniyalı İskəndərin ordusu tərəfindən eramızdan əvvəl 327-ci ildə Hindistanda kəşf olunub. Hindlilər onun kölgəsində sərinləyir və meyvələrindən yeyirdilər. Ərəblər və yunanlar bu bitkini "əntiq meyvə" bitkiləri qrupuna aid etmişdilər. Sonralar banan ərəb tacirləri tərəfindən Afrika sahillərinə, oradan portuqaliyalılar tərəfindən (1482-ci il) Portuqaliyaya, oradan isə 1516-cı ildə Atlantik okeanını keçərək Amerika qitəsinə aparılıb. Güman olunur ki, ABŞ-a banan 1690-cı illərdə Meksika sahillərindən gətirilib.

Hazırda banan Asiya və Latın Amerikası ölkələrində geniş ərazilərdə becərilir. Tropik meyvə bitkiləri içərisində daha çox istehlak əhəmiyyətli bitkidir. Banan meyvələri yüksək kalorili olduğundan dünyanın əksər bölgələrində milyonlarla insanın əsas qida məhsuludur.

Bananın əsas qiymətli cəhətlərindən biri meyvələrin kaliumla, C, A, B vitaminləri və folatla zəngin olmasıdır. Eyni zamanda meyvələr kalsium, dəmir, maqnezium və fosforla zəngindir. Meyvələrinin tərkibində karbohidratlar, həmçinin riboflavin, A provitamini, B1, B2 və C vitamini var. Şəkərlər saxaroza, fruktoza və qlükoza ilə təmsil olunur.

Hər 100 qram meyvə 100 kalori enerji verir. Banan meyvəsinin ləti nişasta ilə zəngindir. Yetişdikdə bu nişasta bir qrup sortlarda şəkərə çevrilir, digərlərində isə çevrilmədən nişasta şəklində qalır. Bu halda ondan qənnadı sahəsində müxtəlif məmulatların hazırlanmasında istifadə olunur. Belə meyvələr, həmçinin qurudulduqdan sonra alınmış pastadan buğda, qarğıdalı və digər dənli bitkilərin əvəzedicisi kimi istifadə olunur. Tumurcuqları tərəvəz kimi yeyilir.