Uşaq bezləri rahatlıq, ya sağlamlıq?


Digərləri 13 Sen 2018 21:40:00 234 0

Uşaq bezləri  rahatlıq, ya sağlamlıq?

Əvvəllər uşaqlar üçün hazır bezlərdən istifadə edilmirdi. Analar sadəcə, uşaqları bələyəndə onların altına parçadan "bez" qoyardılar. Artıq 10 ildən artıq bir müddətdir ki, hazır uşaq bezlərindən istifadə edilməyə başlayıb. Hətta uşaq bezi ailələrin büdcəsinə təsir baxımından mühüm yer tutur. Lakin uşaq bezləri barəsində fikirlər birmənalı deyil. Bəziləri düşünürlər ki, bezlər uşaqlar üçün rahatlıq və bir çox müsbət halları özündə cəmləşdirir.

Son.az deyerler.org-a istinadən bildirir ki, bəzilərinin fikrinə görə, bezlər artıq gigiyena, təmizlik vasitəsinə çevrilib. Onlar elə hazırlanır ki, tərkibindəki xüsusi maddələr ifrazatı çəkir, uşağın dərisinə dəyən hissə quru qalır. Beləliklə bezlər uşağın dərisini nəmişlikdən, nəmişlik nəticəsində yaranan müxtəlif xəstəliklərdən qoruyur. Qeyd olunur ki, illər keçdikcə bez istehsalçıları məqsədə nail oldular, istədikləri keyfiyyəti aldılar. İndi bezlər daha nazik və daha "havalı" materiallardan hazırlanır, tərkibinə dəriyə xeyirli maddələr vurulur, bezlərin çəkisi günü-gündən azalır (bir bezin çəkisi orta hesabla 50 q-dır.) Aparılan araşdırmalar göstərib ki, bezlərin mikroiqlimi uşağın dərisi üçün faydalıdır və ilk bezlər kimi "parnik effekti" yaratmır, odur ki, oğlan uşaqlarına ziyan edə bilməz. Mütəxəssislər bezləri hər 3 saatdan bir dəyişməyi məsləhət görürlər. Bezlər körpənin çəkisinə uyğun seçilməli, hər bez dəyişdirildikdə körpə 10-15 dəqiqə hava vannası qəbul etməlidir. Körpəniz sərbəst oturmağa başladıqda isə bezlərdən istifadəni məhdudlaşdırın. Onlardan yalnız gecələr və gəzintiyə çıxarkən istifadə edilməlidir.

Həkim-pediatr Aytən Muradova bildirdi ki, hazır uşaq bezləri anaların işinə rahatçılıq gətirməsi baxımından xeyirlidir: "Uşaq bezlərini tez-tez dəyişmə dərinin quru qalmasına səbəb olar və körpədə yarana biləcək bişməcələrin qaşısını alar", - deyə ekspert qeyd etdi.