Azərbaycanla İsrail arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olundu


Digərləri 13 Sen 2018 19:44:00 246 0

Azərbaycanla İsrail arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdən əvvəl İsrailin nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Qonaqlar, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.

İki ölkə arasında tərəfdaşlığın yüksək səviyyəsindən danışan general-polkovnik Z.Həsənov bunun təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.


Xəbərə aid fotolar