Sabiq MTN əməkdaşının məhkəməsi başlayıb


Digərləri 13 Sen 2018 19:04:00 293 0

Sabiq MTN əməkdaşının məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən sabiq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı Vüqar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslərin gəlmədiyi elan olunub.

Məhkəmə iclası sentyabrın 19-da davam etdiriləcək.

İttiham aktına əsasən, V.Allahverdiyev həbsxanada olan zaman məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib.

Zərərçəkmiş şəxslərin müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Araşdırma zamanı V.Allahverdiyevin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə bir neçə dələduzluq əmələ törətdiyi üzə çıxıb.

Belə ki, həbsxanada ona telefonla olan danışıq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanaraq özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etməklə həmin məhkumların adlarının əfv olunan şəxslər siyahısına saldıracağını bildirib. Naməlum şəxslər vasitəsi ilə Kəmalə Quliyevadan 3000, Firdovsi Məmmədovdan 2500, Namiq Həsənovdan 3000 manat alıb.