Azərbaycan sərnişin və yük daşımaları sahəsində regionun lideri statusunu doğruldur


Digərləri 13 Sen 2018 18:04:00 234 0

Azərbaycan sərnişin və yük daşımaları sahəsində regionun lideri statusunu doğruldur

13 sentyabr 2018-ci il, Bakı - Sentyabrın 13-də Bakıda "Azərbaycan Hava Yolları"nın 2018-ci ilin 8 ayı üzrə fəaliyyətinin yekunları və payız-qış mövsümünə hazırlığı üzrə müşavirə keçirilmişdir. 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, müşavirədə yaxın gələcək üçün vəzifələr və perspektivlər müzakirə olunmuşdur. Qeyd olunmuşdur ki, sərnişin daşımaları sahəsində prioritet vəzifələrə Bakıdan Tokio, Dehli, Şanxay, Çjençjou, Banqkok, Seul, Kuala-Lumpur, Amsterdam, Vyana, Roma, Əmman, Karaçi, Qahirə, Düşənbə və digər iri şəhərlər kimi yeni istiqamətlərin açılışı daxildir. 

AZAL sərnişin aviaşirkətinin direktoru Cəmil Manizadə çıxışında qeyd etmişdir ki, son illər ərzində aviaşirkət göstəricilərini xeyli artırmışdır və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Bu il AZAL nüfuzlu 4-ulduzlu aviadaşıyıcı statusunu doğrultmuşdur və Britaniyanın "Skytrax" agentliyinin versiyası üzrə Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət adlandırılmışdır. Gələn ildən başlayaraq aviaşirkətin donanmasına yeni nəsil "Boeing 737 MAX" təyyarələrinin əlavə olunması onun marşrut şəbəkəsini genişləndirməyə imkan verəcək.

Öz növbəsində, "Buta Airways" (AZAL QSC-nin struktur bölməsi) aşağıbüdcəli aviaşirkətinin direktoru Nazim Səmədov bildirmişdir ki, uçuşların birinci ili ərzində loukosterə həm yerli əhali, həm də xarici turistlər tərəfindən yüksək tələbat olmuşdur. Bu yaxınlarda loukoster iki yeni istiqamətə - Alanya və İzmirə yeni reyslər açmışdır. Təyyarə parkının genişlənməsi ilə - yaxın vaxtlarda iki yeni "Embraer 190" təyyarəsinin gətirilməsi gözlənilir - bu istiqamətdə işlər davam etdiriləcək. 

"Azərbaycan Hava Yolları"nın prezidenti Cahangir Əsgərov öz yekun çıxışında vurğulamışdır ki, AZAL, "Buta Airways" və "Silk Way Airlines" aviaşirkətləri yaxşı artım dinamikası göstərir və hab formalaşdıran həlqə kimi bu şirkətlərin fəaliyyəti nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımaları sahəsində regionun şəriksiz liderinə çevrilmişdir.

Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" şirkəti tərəfindən maksimal 5 ulduz statutusuna layiq görülərək və dünyanın bu statusa malik doqquzuncu hava limanı olaraq,  bu il yüksək beynəlxalq səviyyədə tanınmışdır. Cari ilin 8 ayında Bakı hava limanı 3,080 milyon sərnişinə xidmət göstərmişdir ki, bu da regiondakı bütün digər aeroportların göstəricilərini üstələyir. Müqayisə üçün: bu dövrdə Tbilisi aeroportu 2,565 milyon sərnişinə xidmət göstərmişdir, Yerevan və Gümrü hava limanlarının ümumi sərnişin dövriyyəsi isə 1,873 milyon nəfər təşkil etmişdir.