Elxan Ələsgərov: Paşinyan Bakı ilə danışıqlardan imtina etməklə nazir kreslosundan məhrum ola bilər


Digərləri 13 Sen 2018 17:05:00 230 0

Elxan Ələsgərov: Paşinyan Bakı ilə danışıqlardan imtina etməklə nazir kreslosundan məhrum ola bilər

Nikol Paşinyan ölkənin xarici siyasət spektrini pozub.

Bakı. Ermənistanda ilk növbədə iqtisadiyyatın böhrandan çıxarıla bilməməsi, eləcə də “Qarabağ klanı”nın üzvləri və oliqarxların həbsləri ilə daxili siyasi vəziyyətin pisləşməsi fonunda Nikol Paşinyan ölkənin xarici siyasət spektrini pozub. Əgər o, Rusiya ilə çoxtərəfli münasibətləri mürəkkəb vəziyyətə salıbsa, Qarabağ münaqişəsinin nizamlanması imkanları üzərindən isə faktiki olaraq xətt çəkmək istəyir. N.Paşinyanın Qarabağ problemini həll etmək istəyinin olmamasını başa düşmək üçün onun son açıqlamalarını təhlil etmək lazımdır. 1. “Danışıqlar prosesinə daha çox Azərbaycan hökumətinin qeyri-konstruktiv, aqressiv fəaliyyəti və ritorikasının səbəb olduğu müharibə ab-havası mane olur”. 2. N.Paşinyan bir daha təsdiq edib ki, o, özünü Qarabağ adından danışıqlar aparmağa səlahiyyətli hesab etmir, çünki “bu ölkə”nin nə prezidenti, nə də baş naziri deyil. 3. N.Paşinyan qeyd edib ki, Qarabağın iştirakı olmadan münaqişənin həlli mümkün deyil. 4. N.Paşinyan Qarabağ üzrə danışıqlarda Ermənistan tərəfdən kompromisləri istisna edib. Təəssürat yaranır ki, Ermənistanın regionlarında insanlar N.Paşinyanın “inqilabi” ideyalarından uzaqdır, onun təsiri yalnız Yerevan çayxanalarının müştərilərinə və paytaxtın mərkəzi meydanının ətrafında yaşayan şəhər sakinlərinə nüfuz edir. N.Paşinyan hələ də Serj Sarkisyan və Robert Koçaryanın adamı olan Bako Saakyanın idarə etdiyi Qarabağ üzərində nəzarəti ələ ala bilmir. Ermənistanın sabiq prezidenti Robert Koçaryanın Yerevanda həbs olunması “Qarabağ klanı” mafiya qrupunu əsəbiləşdirdi. Bu klan daxilində Yerevanda baş verən proseslərlə bağlı dərin qorxu var. Bu, daha aydın Qarabağda R.Koçaryanın həbsdən buraxılması üçün imza toplanması zamanı, eləcə də onun qarabağlı yerlisi, “Stepanakert”də (Xankəndi) gizlənmiş Serj Sarkisyanın özünü sakit aparması zamanı göründü. N.Paşinyanın korrupsiya ilə uğurlu mübarizə barədə populist açıqlamalarına baxmayaraq, dalana dirənmiş iqtisadi vəziyyət təkcə Ermənistanı yox, həm də “miatsum”un qatı tərəfdarlarını da ümidsizliyə qərq edib. Vəziyyət getdikcə qəlizləşir və Qarabağda işğal qüvvələrinin saxlanması üçün Ermənistanda hətta insan ehtiyatları da qalmayıb. N.Paşinyan Qarabağ haqqında ziddiyyətli açıqlamaları ilə Azərbaycanla danışıqlar aparmaq imkanını uzaqlaşdırır.