“Report”: ABŞ istiqrazlarına maraq artmaqda davam edir - ANALİTİKA


Digərləri 13 Sen 2018 16:43:48 176 0

“Report”: ABŞ istiqrazlarına maraq artmaqda davam edir - ANALİTİKA

Əvəzində inkişaf etməkdə olan ölkələrin maliyyə bazarına maraq getdikcə azalır

Son vaxtlar dünyada baş verən siyasi-iqtisadi dəyişikliklər özünü avrobondların qiymətlərində və paralel olaraq illik gəlirliliyində də göstərir.

“Report”un analitik qrupunun müşahidələrinə görə, ABŞ-ın iqtisadi göstəricilərinin qaneedici səviyyədə olması, Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmaqda davam etməsi investorların marağını İnkişaf Etməkdə Olan Ölkələrdən (İEOÖ) ABŞ-a doğru yönəldir. Bu ölkənin qiymətli kağızlar bazarına investisiyalar artmaqdadır. Son nəticədə 10 illik ABŞ istiqrazlarının illik faiz dərəcəsi 2,98% ətrafındadır.

Əvəzində İEOÖ-lərin istiqrazları üzrə illik gəlirlilik kifayət qədər yüksəkdir. Bu, həmin qiymətli kağızlara marağın az olmasından irəli gəlir. Məsələn, sözügedən göstərici Türkiyə üçün 19,25%, Braziliya üçün 8,21%, Rusiya üçün 7,66%, Meksika üçün 10,07%, Cənubi Afrika üçün 8,38%, Azərbaycan üçün 3,22%, Qazaxıstan üçün isə 2,43% təşkil edir. Adları çəkilən qeyri-MDB ölkələrinin istiqrazların ucuz olması həm də onların yaşadığı siyasi-iqtisadi problemlərlə bağlıdır. Adətən hansısa ölkə ilə bağlı risklər olanda investorlar onların qiymətli kağızlarına daha yüksək faiz tələbi irəli sürürlər və son nəticədə istiqrazlar ucuzlaşır.

Bu baxımdan Azərbaycan üçün daha maraqlı olanı qonşu Türkiyə və Rusiyanın xarici maliyyə bazarlarındakı mövqeyidir. Hər iki ölkə son günlər ABŞ-ın sanksiya təhlükəsi altında maliyyə problemləri yaşayır.

Türkiyənin vəziyyəti uzun müddətdir ki, davam edən inflyasiya və xarici ticarət balansındakı kəsirə görə daha təhlükəli hesab olunur. Ölkənin özəl sektorunun xarici borcunun ümumi daxili məhsulun (ÜDM) 40%-nə çatması və türk lirəsinin kəskin dəyərdən düşməsi Türkiyə ilə bağlı riski nəzərəçarpacaq dərəcədə artırdığından onun istiqrazlarına maraq azalıb. Ən çox ucuzlaşan isə uzunmüddətli istiqrazlardır. Məsələn, ödəniş vaxtı 2021-ci ildə olan istiqrazlar 11,5% dəyər itirib. Bu isə investorların ölkənin uzunmüddətli perspektivi barədə qənaətbəxş mövqedə olmaması deməkdir. Türkiyə Mərkəzi Bankının bir qədər əvvəl uçot dərəcəsini artırması da ölkənin qiymətli kağızlarının faizlərinə ciddi təsir edəcək.

Rusiyaya gəlincə isə, bu ölkə neftin qiymətinin yüksək olması hesabına xarici ticarətdə müsbət saldoya nail olsa da, ABŞ sanksiya təhdidindən əziyyət çəkir. İnvestorların İEOÖ-lər arasında sonuncu dayanacaq kimi yanaşdığı Rusiya həqiqətən sanksiyalara məruz qalsa, bundan təkcə onun özünə deyil, digər İEOÖ-lərə də baha başa gələcək. Hazırda Rusiyanın 2023-cü ilə qədər qüvvədə olan avrobondlarının illik gəlirliliyi 4,42% təşkil edir ki, bu Türkiyənin eyni ödəniş tarixli avrobondlarından 4% az, Azərbaycan avrobondları ilə eyni səviyyədir.

Türkiyə və Rusiya ilə müqayisədə Azərbaycanın avrobondlarının illik faiz dərəcəsində hələ ki, ciddi dəyişiklik yoxdur. Qiymətli kağızlarımız təxminən 4,75%-lik kupon gəlirliliyini qorumaqdadır. Bütün qlobal və regional risklər fonunda xarici investorların Azərbaycanın dölvət istiqrazlarına marağında ciddi dəyişiklik müşahidə olunmur. Ölkənin əsas fundamental göstəriciləri neftin bahalaşması ilə yaxşılaşdığından hələ ki, avrobondlarımız üçün ciddi təhlükə görünmür.