“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu - 100” mövzusunda konfrans keçirilib


Digərləri 13 Sen 2018 15:35:00 323 0

“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu - 100” mövzusunda konfrans keçirilib

15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu - 100” mövzusunda konfrans keçirilib.

Bakı. Elçin Mehdiyev - Bu gün Bakıda Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəstəyi ilə 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu - 100” mövzusunda konfrans keçirilib. Trend-in məlumatına görə, tədbirdə türkiyəli qonaqlar, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirə Türkiyədən olan qonaqlar da böyük heyətlə qatılıblar. Tədbir iştirakçıları Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin ruhunu yad ediblər. Tədbiri giriş sözü ilə açan ATXƏM sədri İlham İsmayılov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmində Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun xilaskar missiyasını tarixi faktlarla təhlil edib. Azərbaycan-Türkiyə dostluq-qardaşlığına toxunan ATXƏM sədri qeyd edib ki, iki ölkə arasındakı münasibətlər hər zaman dünyaya örnək olub. İctimai Birlik sədri bildirib ki, "XXI əsr türk əsridir" deyənlər zamanında bunun konturlarını müəyyən ediblər və bu gün biz mərhələ-mərhələ ona doğru irəliləyirik. Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da 15 sentaybr tarixinin əhəmiyyətindən danışıb və bu günü bayram kimi xarakterizə edib. Ə.Amaşov Azərbaycan və Türkiyənin çətin günlərdə bir-birinə yardım etdiyini deyib və qarşılıqlı münasibətlərin, əlaqələrin hər ötən gün daha da inkişaf etdiyini bildirib.