Nazpəri Dostəliyevanın evini qarət edənlərin məhkəməsi başladı


Digərləri 13 Sen 2018 13:14:00 262 0

Nazpəri Dostəliyevanın evini qarət edənlərin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Nazpəri Dostəliyeva və digərlərinin evindən oğurluq etməkdə təqsirləndirilən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində dindirilən Mikayıl Abdullayev deyib ki, təqsirləndirilən şəxslər onun evindən 25 min manata yaxın əmlakını aparıblar. Oğurluq hadisəsi qızının toyu günü baş verib.

Proses sentyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Asif Həmidov tərəfindən törədildiyi məlum olub.

Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.