Azərbaycanda bu pendir və şor məhsulunun satışı qadağan edildi


Digərləri 13 Sen 2018 13:08:00 245 0

Azərbaycanda bu pendir və şor məhsulunun satışı qadağan edildi

İstehsalçı şirkətə həmin məhsulun dərhal ticarət şəbəkələrindən yığışdırılması ilə bağlı xəbərdarlıq edildi.

Bakı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir. Agentlikdən Trend-ə verilən məlumata görə, mütəxəssislər tərəfindən həyata keçirilən qida təhlükəsizliyi üzrə yoxlama tədbirləri çərçivəsində “BMS Aqro” MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulundan müayinələr üçün nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə faktı aşkar olunub.