AMEA: Son 3-4 il ərzində Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşüb


Digərləri 13 Sen 2018 11:23:00 248 0

AMEA: Son 3-4 il ərzində Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşüb

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin bir qrup əməkdaşı Xəzər sahillərindən Qarabağ düzünə qədər geniş bir ərazidə çöl ekspedisiyasında olublar.

Bakı. AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin bir qrup əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktorları Elxan Məmmədbəyov, Müseyib Yunusov, Səidə Zeynalova şöbə müdiri, c.ü.f.d. Mirnuh İsmayılovun rəhbərliyi ilə bu ilin iyulunda Xəzər sahillərindən Qarabağ düzünə qədər geniş bir ərazidə çöl ekspedisiyasında olublar. Trend-in məlumatına görə, Salyan düzündə Xəzər sahili ərazilərin landşaftlarının dinamikası tədqiq edilib. İlkin olaraq məlum olub ki, son 3-4 il ərzində Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşüb. Qeyd olunan müddətdə Salyan düzünün dəniz sahili ərazilərində relyef xüsusiyyətlərindən asılı olaraq, dəniz Züd-Ost Kultuk körfəzi sahillərində 1200-1500, bəzi sahillərdə isə 200-300 m-ə qədər geri çəkilib və nəticədə geniş ərazi kontinental rejimə keçib. Dənizin geri çəkilməsi ilə yeni yaranan landşaftların evolyusiyası, struktur-dinamiki xüsusiyyətləri öyrənilib və 1:25000 miqyaslı xəritə tərtib edilib. Məlum olub ki, dəniz altından çıxmış ərazilərdə şiddətli dərəcədə şorlaşmış tipik yarımsəhra və səhralaşmış landşaftlar əmələ gəlib. Dənizin geri çəkilməsi ilə qurunun içərilərinə doğru iqlimin yumşaldıcı təsiri zəifləyib. Xəzər dənizinin Salyan düzündə, Qultuk və Qızılağac körfəzi sahillərində sürətlə geri çəkilməsi təbii landşaftlarda aridləşmə və səhralaşma meylini gücləndirəcək və sosial-iqtisadi sahələrdə ciddi fəsadlara səbəb olacaq. Kür-Araz ovalığında landşaftların struktur-ərazi dinamikasında suvarma sistemlərinin və su anbarlarının rolu böyükdür. Son zamanlar iqlimdə baş verən dəyişmələrə ən tez reaksiya verən kiçik çayların quruması hövzə landşaftlarında səhralaşma meylini gücləndirib. Məsələn: Bolqarcay üzərində yaradılmış su anbarında son 6-7 il ərzində su yığmaq mümkün olmayıb və hazırda su anbarı öz funksiyasını itirib.