Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illiyi Respublika Veteranlar Təşkilatında qeyd edilib (FOTO)


Digərləri 13 Sen 2018 10:24:20 256 0

Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illiyi Respublika Veteranlar Təşkilatında qeyd edilib (FOTO)

Sentyabrın 12-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.

Bakı. Sentyabrın 12-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100 illiyi ilə bağlı tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik qüvvələrinin işğalından azad etməsinin 100 illiyinin yaxın günlərdə qeyd olunacağını deyib. O bildirib ki, Azərbaycanın əsgər və zabitləri də türk qardaşlarımızla birlikdə Bakının düşməndən təmizlənməsində şərəflə döyüşüblər. Biz bu gün onları minnətdarlıq hissi ilə xatırlayırıq. Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Bakının daşnak-bolşevik işğalından azad olunması həm qürurverici hadisədir, həm də Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir. 1918-ci il sentyabrın 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib. Azərbaycan və türk əsgərlərinin, zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı əsasən ermənilərdən ibarət olan daşnak-bolşevik qüvvələrindən azad olunub. Qeyd edilib ki, Stepan Şaumyan 1918-ci ilin mart-iyul aylarında Bakı Sovetinə tabe olan daşnak silahlı dəstələrindən və bolşevik hərbi birliklərindən istifadə edərək Azərbaycanın Bakı, Şamaxı, Quba və başqa qəzalarında qırğınlar törədib, yüzlərlə yaşayış məskənini dağıdıb, dinc insanları amansızcasına qətlə yetirib. Həmin dövrdə Gəncə üzərinə yürüş edən düşmən qüvvələrinin qarşısının alınması üçün öz hərbi gücü yetərli olmadığından Azərbaycan nümayəndələri kömək məqsədilə Türkiyəyə, o zamankı Osmanlı dövlətinə müraciət ediblər. Bu müraciətə müsbət cavab verən qardaş dövlət Qafqaz İslam Ordusunu 1918-ci ilin mayında Azərbaycan ərazisinə köməyə göndərib. Burada general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu ilə birləşən Nuru Paşanın rəhbərlik etdiyi həmin ordunun 1918-ci il iyunun əvvəllərində artıq 15 min əsgər və zabiti var idi.