Bakıda daha bir beynəlxalq konfrans başlayıb


Digərləri 13 Sen 2018 10:11:00 212 0

Bakıda daha bir beynəlxalq konfrans başlayıb

Bakıda Avtomatik Nəzarət üzrə Ümumdünya Təşkilatının beynəlxalq konfransı keçirilir.

Son.az xəbər verir ki, Konfransın təşkilat komitəsindən Trend-ə verilən məlumata görə, iki gün baş tutacaq tədbir Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə 18-ci IFAC beynəlxalq konfransı - TECIS (Technology, Culture and International Stability - Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik) adlanır.

Konfransda 37 ölkədən elm adamları ilə yanaşı IFAC-in prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti, Ştutqart Universitetinin professoru Frank Allgöwer də iştirak edir.

Konfrans Bakı şəhərində Boulevard Hotel Bakuda keçirilir.

Qeyd edək ki, IFAC 12 sentyabr 1957-ci il tarixində Parisdə təsis edilib. 1978-ci ildən təşkilatın qərargahı fəaliyyətini Avstriya hökumətinin dəvəti və dəstəyilə bu ölkənin Laksenburg şəhərində davam etdirir. 49 ölkədən avtomatlaşdırılmış idarəetmə və mühəndislik üzrə təşkilatları özündə birləşdirən IFAC il ərzində onlarla beynəlxalq tədbirlər təşkil edir. IFAC təşkilatı hal hazırda Robotikanın əsasınını təşkil edən avtomatlaşdırma və nəzarət mexanizmləri üzrə ən nüfuzlu təşkilat hesab olunur. IFAC-in strukturundakı ilk komitələrindən biri olan TECIS texniki komitəsi 1983-cü ildən fəaliyyətdədir. Həmin ildən etibarən dünyanın bir çox ölkələrində 17 beynəlxalq konfrans kecirmiş komitə Bakıdakı tədbirində eyni zamanda 35 illik yubileyini qeyd etməyə hazırlaşır.

TECIS 2018 Beynəlxalq konfransının təşkilində IFAC-in Azərbaycandan tərəfdaşı qismində "Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti" (Azerbaijan Robotics and Automation Society - ARAS) İctimai Birliyi çıxış edir. Cəmiyyət Vyana Texnologiyalar Universitetində faəliyyət göstərən, həmin universitetin doktorantı, həmyerlimiz Bahadur İbrahimov tərəfindən təsis edilib. Bakıda təsis edilmiş, qısa müddətdə ciddi təşkilatlanma prosesi keçmiş ARAS üç illik yoxlama və namizədlik mərhələsini başa çatdıraraq 7 iyun 2018-ci il tarixdə IFAC üzvlüyünə qəbul edilib. ARAS-ın üzvlüyü imkan verəcək ki, bu nüfuzlu federasiyanın tərkibində azərbaycanlı alimlər də beynəlxalq konqreslərdə iştirak və çıxış etmək, səs vermək kimi hüquqlara sahib olsunlar.

Məlumat üçün bildirək ki, IFAC-in Bakıda ilk və son toplantısı 1980-ci ilin 2-6 aprel tarixlərində Sovet Akademiki Trapeznikovun elmi rəhbərliyində, Ulu Öndərin diqqəti sayəsində baş tutub. 38 ildən sonra yenidən Bakıda bu nüfuzlu beynəlxalq konfransın keçirilməsində əsas məqsəd texnologiya, mədəniyyət və beynəlxalq sabitlik sahəsi üzrə yeni tədqiqat nəticələrini təqdim etmək, ideya-təcrübə mübadiləsi aparmaq üçün sənaye və akademiya sahəsində alimləri, mütəxəssisləri bir araya gətirməkdir.