Miqrantların "menyusunda" hansı marşrutlar var?


Dünya 12 Sen 2018 23:33:00 309 0

Miqrantların "menyusunda" hansı marşrutlar var?

Son.az AZƏRTAC-a istinadən təhlükəsiz və zəngin Avropada yeni həyat başlamağa çalışan miqrantların və qaçqınların istifadə etdikləri müxtəlif marşrutlar barədə yazını təqdim edir.

İndiyə qədər qaçqınların Qərbi Avropaya əsas marşrutu Balkan ölkələrindən - Makedoniya, Serbiya və Xorvatiyadan keçirdi. Fevralın axırlarında Makedoniya sərhədçiləri Yunanıstan ərazisində olan qaçqınların Makedoniyaya buraxılmasını birdəfəlik dayandıranda bu yol bağlandı. Hazırda Makedoniya ilə Yunanıstanın sərhədində bir neçə min miqrant toplaşıb.

Ankara ilə Avropa İttifaqı arasında əldə edilmiş razılaşmaya görə, Yunanıstana qeyri-leqal yolla gəlib çıxmış qaçqınların Türkiyəyə qaytarılması nəzərdə tutulur. Lakin ekspertlərin fikrincə, bu halda miqrant axını dayanmayacaq. Alternativ marşrutlar, məsələn, İtaliyadan və Albaniyadan keçən yollar get-gedə populyarlaşır.

Alternativ marşrutlardan biri Türkiyənin cənubundakı Antalya limanında, Suriya ilə sərhədin yaxınlığındakı Mərsində və ya Mərkəzi Yunanıstanda, Afinada başlanır. Sonra miqrantlar balıq ovlayan gəmilərdə və kiçik ticarət gəmilərində Aralıq dənizini keçərək İtaliyaya gəlib çıxır. KİV-lərdə yayılan məlumata görə, bu "səyahət"in dəyəri 3-5 min avro həddində dəyişir.

Albaniyadan keçən marşrut da getdikcə populyarlaşır. Qaçqınlar Yunanıstandan buraya gəlir, sonra dəniz yolu ilə İtaliyaya gedir və ya avtomobillə Avropanın şimalına üz tuturlar. Yeri gəlmişkən, 1990-cı illərdə vətəndaş müharibəsi dövründən torpaqda qalmış minalar ucbatından miqrantların Monteneqro, eləcə də Bosniya və Herseqovina ərazisindən keçərək irəliləməsi çətinləşib.