Əsl strateji tərəfdaşlar:


Siyasət 12 Sen 2018 20:08:00 218 0

Əsl strateji tərəfdaşlar:

Son.az bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:

Dövlət başçısı İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri kütləvi informasiya vasitələrinin və ekspertlərin ciddi marağına səbəb olub. İki ölkə arasındakı münasibətlərin inkişaf dinamikası maraqlı faktlarla və strateji məqamlarla zəngindir. Xorvatiya Cənub-Şərqi Avropanın sayılan, Azərbaycan isə Cənubi Qafqazın lider dövlətidir. Xorvatiya yerləşdiyi regionda energetika və nəqliyyat sahələrində inkişaf etmiş qovşağa çevrilməyi planlayıb. Bu baxımdan Zaqrebin Azərbaycanın təşəbbüskarı olduğu enerji və nəqliyyat layihələrində iştirakı prinsipial əhəmiyyət daşımaqdadır. Təbii ki, Xorvatiya üçün Azərbaycanla əlaqələrin bütün istiqamətlər üzrə strateji xarakter alması vacibdir. Burada onu da demək gərəkdir ki, Zaqreb Xəzərin hüquqi statusunun müəyyən edilməsinə Bakı ilə əməkdaşlığın inkişafında mühüm faktor olaraq baxır. Bütün bunlar dövlət başçısı İlham Əliyevin Xorvatiya səfərinin çox uğurlu olduğunu təsdiqləyir. Həmin bağlılıqda səfərin geosiyasi konteksti üzərində geniş dayanmağa ehtiyac görürük.

Əlaqələrin tarixi və perspektivləri: yeni mərhələyə doğru

Azərbaycan-Xorvatiya münasibətləri üç səviyyədə önəm kəsb edir. Hər şeydən əvvəl, iki müstəqil dövlət olaraq qarşılıqlı faydalı əməkdaşlıq zəruridir. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir, Xorvatiya isə Cənub-Şərqi Avropanın sayılıb-seçilən ölkəsidir. Sosial-mədəni inkişaf baxımından o, regionun digər dövlətlərindən fərqlənir. Xorvatiya milli dəyərlərlə ciddi diqqət yetirən cəmiyyət kimi tanınır. Digər səviyyə enerji və nəqliyyat sahəsində əməkdaşlıqla bağlıdır. Azərbaycan Xəzərdə ciddi neft-qaz ehtiyatına malik olan və bu istiqamətdə Avropa ilə geniş əməkdaşlıq edən dövlətdir.

Bütün enerji layihələri Avropa ilə sıx bağlıdır. O cümlədən Avropanın enerji təhlükəsizliyində böyük rol oyanacaq TAP, TANAP, "Cənub Qaz Dəhlizi" kimi layihələrə bütövlükdə Qərb dünyasının marağı böyükdür. Bunlardan başqa, Bakı-Tbilisi-Qars dəmiryolu, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinə Avropanın marağı şübhəsiz ki, böyükdür. Bu, həm birbaşa Xəzər hövzəsi dövlətləri ilə Avropa ölkələri, həm də "Yeni İpək Yolu" layihəsi çərçivəsində çoxlu sayda dövlətlə əməkdaşlığa geniş imkanlar yaradır.

Üçüncü səviyyə Aİ və NATO çərçivəsindəki əməkdaşlıqla bağlıdır. Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşıdır. Bununla bağlı yeni sənəd də imzalanmağa hazırlanır. Daha konkret desək, Bakı öz əməkdaşlıq variantını Brüsselə təqdim edib və strateji tərəfdaşlığın prioritetlərini müəyyənləşdirən sənəd artıq paraflanıb. Bu sənəd çərçivəsində də Zaqreb-Bakı münasibətlərinin böyük perspektivə malik olduğunu siyasilər və ekspertlər etiraf edirlər. Xorvatiya 2009-cu ildən NATO-nun üzvüdür və təbii ki, həmin təşkilat çərçivəsində Azərbaycanla əməkdaşlığı normal qəbul edilməlidir.

İki ölkə arasındakı əməkdaşlığın üç səviyyədə əhəmiyyət daşıması liderlərin qarşılıqlı səfərləri ilə uyğunluq təşkil edir. Prezident İlham Əliyev 2005-ci ilin iyun və 2013-cü ilin mart aylarında Xorvatiyaya səfər edib. Xorvatiyanın eks-prezidentlərindən Stefan Mesiç 2007-ci ilin oktyabr ayında Bakıya səfərə gəlib. 2012-ci ilin mart ayında isə İvo Yosipoviç Azərbaycana rəsmi səfər edib. Xorvatiyanın hazırkı Prezidenti Kolinda Qrabar-Kitaroviçin 2016-cı ilin oktyabrında ölkəmizə səfərinin uğurlu olması yadda qalıb. Bunlardan başqa, hər iki ölkənin parlament sədrləri, nazirləri qarşılıqlı səfərlər ediblər.

Bütün bunlarla yanaşı, ekspertlər 5 il əvvəl imzalanmış "Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi"ni yüksək qiymətləndirirlər. Bu sənəd bir çox sahələrdə - iqtisadi, müdafiə və təhlükəsizlik, ticarət, sərmayə qoyuluşu, turizm, nəqliyyatın bütün növləri, elmi və texniki, ekoloji, informasiya, humanitar, mədəni, gənclər və idman sferalarında əlaqələrin inkişafının "yol xəritəsi"dir. Bütövlükdə Azərbaycanla Xorvatiya arasında müxtəlif sahələri əhatə edən 20-dən çox sənəd imzalanıb.

Prezident İlham Əliyev Xorvatiyanın hazırkı Prezidenti Kolinda Qrabar-Kitaroviçlə son 4 ildə 4 dəfə müzakirələr aparıb. İlk görüş 2016-cı ilin fevral ayında Londonda baş tutub. Prezidentlərin ikinci görüşü 2016-cı ilin oktyabrında Bakıda olub. Növbəti görüş 2017-ci il 16-17 fevral tarixində Almaniyada təşkil olunan 53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində gerçəkləşib. Nəhayət, bu il sentyabrın 6-da 4-cü görüş Zaqrebdə baş tutub. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya olan üçgünlük rəsmi səfəri çərçivəsində reallaşıb.

İnkişaf istiqamətləri: bütün sferalarda irəliləyiş

Həm iki ölkə arasında əməkdaşlığın tarixi, həm də liderlər arasındakı görüşlərin dinamikası təsdiq edir ki, Bakı-Zaqreb münasibətləri yüksələn xətlə inkişaf edir. İlham Əliyevin son səfəri zamanı ifadə edilən fikirlər və imzalanan sazişlər də bunu tam olaraq təsdiqləyir. Zaqrebdə Prezidentlər bütün istiqamətlərdə əməkdaşlığın inkişafı ilə bağlı konkret punktlar üzrə müzakirələr aparıblar.

Sənədlərin imzalanması mərasimindən sonra Xorvatiya Prezidenti mətbuata verdiyi bəyanatda vurğulayıb: "Azərbaycan və Xorvatiya əsl dostlardır. Biz bir-birimizi Avropa İttifaqı çərçivəsində də dəstəkləyirik. Biz, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mövqeyini yüksək dəyərləndiririk. İnanıram ki, biz müdafiə sahəsində də əməkdaşlığımızı inkişaf etdirəcəyik. Çünki biz, 2013-cü ildə müdafiə sahəsində də əməkdaşlıqla bağlı anlaşma memorandumu imzaladıq. Bu baxımdan zabitlərimiz və hərbçilərimiz, əsgərlərimiz bir sıra müxtəlif hərbi kurslarda, hərbi məktəblərdə öz təhsilini artıra bilərlər" (bax: Azərbaycan və Xorvatiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 6 sentyabr 2018).

Əməkdaşlığın strateji aspektinə də toxunan xanım Prezident maraqlı bir arqument gətirib. O, Xorvatiyanın gələcəkdə Cənub-Şərqi Avropanın daha inkişaf etmiş qovşağına çevriləcəyini deyib. Bu əsasda Zaqreb Azərbaycanla münasibətlərin yüksək templə inkişafında maraqlıdır. O cümlədən Kolinda Qrabar-Kitaroviç Azərbaycanın reallaşdırdığı qaz boru kəməri layihəsində iştiraka və Krk adasında maye qaz terminalının tikintisinə qoşulmağa ümid bəsləyir (bax: əvvəlki mənbəyə. Çünki Azərbaycan da Cənubi Qafqazın inkişaf etmiş qovşağıdır və onunla əlaqələrin inkişafı ciddi perspektivlər vəd edir.

Prezident İlham Əliyev də mətbuata verdiyi bəyanatda iki ölkə arasındakı münasibətləri dərin təhlil edib. Dövlət başçısı hazırda mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsi zərurətini əsaslandırıb. Prezident İlham Əliyev bu bağlılıqda ifadə edib: "...həm Avratlantik strukturlarla bizim əlaqələrimiz, həm də ikitərəfli müstəvidə aparılan işlər onu göstərir ki, Xorvatiya və Azərbaycan, sözün əsl mənasında, strateji tərəfdaşlardır. Bu gün xanım Prezident qeyd etdiyi kimi, bir çox sahələrdə gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma sahələrində bütün istiqamətlər üzrə, əminəm ki, yaxşı nəticələr olacaq. Müvafiq göstərişlər verildi" (bax: əvvəlki mənbəyə).

Azərbaycanla Xorvatiya arasında Zaqrebdə imzalanan sənədlər də Prezidentlərin ifadə etdikləri fikirlərin məzmununa tam uyğun gəlir. Orada "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqram" və "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

Beləliklə, Azərbaycan Avropa İttifaqının üzvü olan Xorvatiya ilə real məzmuna malik strateji əməkdaşlıq modeli qura bilib. Dövlət başçılarının söylədikləri fikirlərdən tam aydın olur ki, tərəflər bütün sferalarda əlaqələri daha da inkişaf etdirməkdə qərarlıdırlar. Burada Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyəti olan enerji layihələri və nəqliyyat üzrə proyektlər başlıca yer tutur. Ancaq Xorvatiya və Azərbaycan kənd təsərrüfatı, dərman istehsalı sahələrində əməkdaşlığı yeni səviyyəyə yüksəltməyə hazırdırlar.

Yuxarıda vurğulanan məqamlar onu göstərir ki, Prezident İlham Əliyevin Xorvatiyaya səfəri çox uğurlu olub. Bu səfər bütövlükdə Azərbaycanın Avropa siyasətinin prioritetlərinə tamamilə uyğundur. Rəsmi Bakı bütün istiqamətlərdə olduğu kimi, Aİ ilə münasibətlərdə də müstəqil xarici siyasətini bütün intensivliyi ilə davam etdirir. Şübhə yoxdur ki, bu bağlılıqda Azərbaycanın dövlət başçısı yeni-yeni zirvələr fəth edəcəkdir.