Çexiyada Azərbaycan Ticarət Evinin yaradılması imkanları araşdırılacaq


Digərləri 12 Sen 2018 18:20:00 328 0

Çexiyada Azərbaycan Ticarət Evinin yaradılması imkanları  araşdırılacaq

İqtisadiyyat naziri Şahin Mustafayev Çexiyanın sənaye və ticarət naziri xanım Marta Novakovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Çexiyanın sənaye və ticarət naziri xanım Marta Novakovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Çexiya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında 2015-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə, müxtəlif sahələrdə, o cümlədən ticarət, iqtisadi, ikiqat vergitutma, sərmayələrin təşviqi və qorunması sahələrində 25 sənəd imzalanıb. Azərbaycan və Çexiya arasında Hökumətlərarası Komissiyanın fəaliyyət göstərdiyini qeyd edən nazir Ş.Mustafayev komissiyanın növbəti iclasının Çexiyada keçiriləcəyini bildirib. Ölkələrimiz arasında ticarət əlaqələri genişlənir və ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilir. Qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir və çex şirkətləri ölkəmizdə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Mərkəzi Avropa üzrə Azərbaycan ticarət nümayəndəsinin təyin olunması Çexiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafında önəmli mexanizmdir. Bununla yanaşı, Çexiyada Azərbaycan Ticarət Evinin yaradılması imkanları da araşdırılacaq.