Bir ay ərzində 146 miqrant Azərbaycandan çıxarılıb


Digərləri 12 Sen 2018 16:35:00 230 0

Bir ay ərzində 146 miqrant Azərbaycandan çıxarılıb

Dövlət Miqrasiya Xidməti avqust ayına olan statistik məlumatları açıqlayıb.

Bakı. Elçin Mehdiyev - Dövlət Miqrasiya Xidməti (DMX) avqust ayına olan statistik məlumatları açıqlayıb. DMX-dən Trend-ə verilən məlumata görə, avqust ayında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) 91 min 626 müraciət qeydə alınıb. Ay ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması üçün isə 7 min 327 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb və müvafiq qərarlar qəbul olunub. DMX avqustda ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 2043 qərar qəbul edib.