"Anam dedi ki, “bu nə mahnıdır?! 10 milyonluq baxışı olan musiqinin ifaçısı ilə


Şou-biznes 12 Sen 2018 15:33:00 292 0

"Anam dedi ki, “bu nə mahnıdır?!   10 milyonluq baxışı olan musiqinin ifaçısı ilə

Həyatımın dönüş nöqtəsi "düşün məni" mahnısı oldu

Son.az interview.az-a istinadla müğənni Elvin Mirzəzadə ilə müsahibəni təqdim edir:

- Həyat və fəaliyyətinizdən bəhs edin zəhmət olmasa. Musiqi sahəsinə gəlmə səbəbiniz nə idi?

- Mən, Elvin Mirzəzadə noyabrın 17-si, 1991-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən Qərbi Azərbaycanlıyıq, amma mən oraları görə bilməmişəm. Bakıda doğulub böyümüşəm. Məktəbi 2009 - cu ildə bitirmişəm. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəqliyyat fakültəsinə qəbul olmuşam. Təhsil baxımından musiqi ilə heç bir əlaqəm yoxdur yəni.

- Bəs necə oldu ki, tamam başqa sahədən musiqiyə yönəldiz?

- Uşaqlıqdan həvəs olub. Bizim bu Qərbi Azərbaycan tərəf professorluğa, elmə daha çox önəm verir ki, mütləq şəkildə ya texniki, ya da humanitar sahəyə yiyələnmək lazımdır. Başqa cür də baxış açısı yoxdur əslində. Sadəcə buna daxil ol, sonra istədiyini elə kimi bir prinsip qoymuşdular. Onların xətrinə texniki sahəni seçdim. Heç peşman da deyiləm. Məsələn, İncəsənət Universitetində və ya Musiqi Akademiyasında olsaydım, orada, demək olar ki, hamı istedadlıdır və seçilmək daha çətin olacaqdı. Öz universitetimizdə fəal tələbə kimi seçilib daha çox göz önünə gəlirdim. Bu da mənə avantaj verirdi. Bir az şablon səslənəcək, amma oxumağa uşaqlıqdan başlamışam. Hər qohum toyunda filan oxuyurdum. Hətta əlifba bayramında belə mahnı oxumuşam. Gəldi çıxdı o məqam ki, universitetə qəbul oldum və özümüzün bir növ KVN komandamızı yaratdıq. "Şən və hazırcavablar qrupu" idi. Onlarla birlikdə şəhərə çıxırdıq, bulvara, parklara, Filarmoniya bağına. Orada özümüz üçün bir dairə yaradıb ifalar edirdik. Onda hələ indiki qədər çox yayılmamışdı belə kruqlar. İndi, maşallah, hər iki metrdən bir gitara ifa edən var, amma onda çox az rast gəlmək olardı belə bir şeyə.

- O "kruq"lardan biri də siz idiz...

- O "kruq"lardan biri də biz idik, bəli (gülür). Bir müddət keçdi, həmin o "kruq"un uşaqları mənə dəstək verdilər ki, get "Yeni ulduz" müsabiqəsinə qatıl. 2011-ci ildə "Yeni ulduz-11" müsabiqəsinə qoşuldum. Orada fərqli mahnılar oxudum, bir zamanın trendini də orada yaratmışdım, "Can-cana", "Amma anam bilməsin" mahnılarını başqa versiyalarda oxumuşdum. Tanıyanlar, yadında qalanlar bilər. Düşdüm on altılığa, 8-ci yerə qədər gəldim. Daha sonra sms filan məsələləri olduğuna görə ələndim. Məndən sonra da "Yeni ulduz" yarışması birdəfəlik bağlandı, yəni ayağım çox yüngül idi (gülür).

Sonra Space-tv-də Tünzalə xanım Əliyeva, Dilarə Əliyeva, Ülviyyə Əliyevanın rol aldığı "Üç bacı" serialı var idi, orada mən gitarist rolunda çəkilməyə başladım. Məhlənin gitaristi rolunda idim. Daha sonra artıq universiteti bitirdim və hərbi xidmətə yollanmalı oldum. Azərbaycanın hər bir gənci kimi mənim də borcum idi və getdim 1 il Ağdam-Ağcabədi istiqaməti N sayılı hərbi hissədə hərbi xidmət etdim. Qayıtdıqdan sonra hər şey 0 vəziyyətində. Bunu əsgərliyə gedib-gələn, xüsusilə də ali təhsillilər bilər ki, ora başqa bir atmosferdir. Tamam ayrı bir atmosferdən gəlib yenidən mülki həyata adaptasiya olmaq çox çətin məsələdir. Bu həyatdan o həyata, o həyatdan da bu həyata qayıtmaq, ümumiyyətlə, çətindir. Güclə də olsa, özümü toparlaya bildim. Bir çox sahələrə baş vurmağa məcbur oldum. Artıq sənət filan qaldı qıraqda. Sadəcə, gördüm ki, yox, alınmır. Doğrudan da, xəmirim incəsəntlə yoğrulub. Səhnə almağa başladım. Ucuz qiymətə də olsa, bir yerdən başlamaq lazım idi. Bir müddətdən sonra mahnılar yazmağa başladım. İndi geniş kütlə yığan və onlara öz şeirlərini çatdıran dostumuz Xəzər Süleymanlı var. Mən onu illər öncə kəşf etmişdim ki, o adam necə dərin, zəngin bir insandır. Onun sözlərinə mahnılar bəstələyib, oxumağa başladım. Məsələn, "Günahkaram", "Onun ürəyində özgəsi var". Təəssüflər olsun ki, o zaman heç bir efirim, radiom, insanlara çıxış qüvvəm olmadığına görə sırf sosial şəbəkədən istifadə edənlər, Facebook dostlarım bilirdi ki, bu mahnını mən oxuyuram. Amma kim olduğumu bilmirdilər. Düşünün ki, gedirdim hər hansı bir kluba gedirdim, "Onun ürəyində özgəsi var" mahnısını hamı bir ağızdan oxuyur, mən də oturmuşam bir qıraqda, heç bilmirlər ki, mənəm oxuyan. Paradosk idi də bir növ. Bilmirdin sevinəsən, yoxsa kədərlənəsən ki, niyə mənim mahnımı oxuyurlar, amma bilmirlər mənəm oxuyan. Gözlədim ki, Allah kərimdi. Bəlkə düzələr.

- Hazırda sosial şəbəkələrdə çox izləyiciniz var. Buradakı fikirlər sizin üçün nə dərəcədə əhəmiyyətlidir?

- Ümumiyyətlə, hər dəfə bunu deyirəm ki, bu psixologiyada da, cəmiyyətdə də, ağıllı insanlar tərəfindən qəbul olunmuş bir fikir var ki, əgər bir işdə tənqid, mənfi fikir yoxdursa, o işin uğur potensialı 0-a bərabərdir. O işin başını burax loru dildə desək (gülür). Düzdü, artıq təhqirlərə keçirsə, artıq o işi davam etdirməyə dəyməz. Zirvədə saxla, özünü daha da endirmə. Amma yox, tənqid edirlərsə, eyni zamanda tənqidlə yanaşı müzakirədəsən və iki cəbhə yaranıb sənin haqqında. Bir ifadə var ki, "məni sevməyənlərə nifrət etməyə vaxtım yoxdur, çünki məni sevənləri sevməklə məşğulam". Niyə görə 100 şərhin içində 2 mənfi şərhi önəmsəməliyəm ki, bu, niyə belə yazdı. Elə bir şey yoxdur. Düzdür, hardasa əgər mənim içimdə fikirləşdiyim bir şeyi o adam yazırsa, bu o deməkdir ki, hə, doğrudan da, mənim gördüyümü camaat görə bilir. Nəyisə ört-basdır edib camaata təqdim etmək lazım deyil.

- Bəs sizə təsir edən hadisə yaşanıb sosial şəbəkələrdə?

- Mən sağlam tənqidlərə açığam. Məsələn, sağlam tənqid də necə bir şeydir? Tutalım, siz bu gün yazı yazırsız, siz işinizi sevirsiniz və  həyat tərziniz də bu yazıdan ibarətdir. Sizin sevdiyiniz işə mən desəm ki, "yazınız xoşuma gəlmir", siz bunu normal qəbul edərsiniz. Amma mən desəm ki, "sizin yazınızın əvvəli ilə axırı bilinmir" filan bu cür təhqiramiz şəkildə olduqda tənqid deyil artıq. Məsələn, mahnı təqdim etmişəm, bir qaqaş yazıb ki, "bu nə mahnıdır?! Bu mahnının əvvəlilə axırı bilinmir". Bu artıq tənqid deyil. Hər şeyin bir tərzi var, ölçüsü var.

- Mövlanənin ifadəsi üzrə nə dediyin yox, necə dediyin önəmlidir...

- Bir də mən həmişə deyirəm ki, əgər tənqid edirsənsə, təklif də elə. De ki, məsələn, sən bunu belə oxumusan, amma belə yox, belə oxumaq lazımdır. Göstər mənə ki, bu belədir. Mən də deyim hə okey. Bağışla, gələn dəfə bu cür edərəm.

- Hər addımınızın izlənməsi sizə heç "bəsdir" dedirdir?

- Yox, yox. Onun arzusunda olanlar var. Bu gün əlimizdə olanların, sahib olduqlarımızın qədrini bilməliyik. Şan-şöhrət də əbədi olan bir şey deyil. Hər şeyin bir vaxtı var. Bir zaman efirlərdən gözümüzü zəbt edən müğənnilər var ki, indi küçədə görəndə heç kim salam vermir.

- Həyatınızın dönüş nöqtəsindən necə bəhs edərdiz?

- Məlum məsələdir (gülür). Düzdür, birinci dəfə "Yeni ulduz"da da müəyyən qədər uğur əldə etmişdim, amma bu kiçik bir tramplin idi. "Düşün məni" mahnısı isə sosial şəbəkədə də paylaşmışdım, həyatımın "U" nöqtəsidir. Sanki müəyyən zirvədə olursan, gəlirsən aşağı eniş nöqtəsi və yenidən təkan götürüb qalxırsan yuxarı. Şükür Allaha, o mahnı mənim üçün sanki bir sürpriz oldu. Şərt deyil ki, bundan sonrakı bütün mahnılarım o reytinqi yığsınlar. Sadəcə, onu rahatlıqla deyə bilərəm ki, mən bir il ərzində bəzi müğənnilərin 10 ildə gördüyü işi gördüm.

- "Düşün məni" manhısı ilə tanışlığınız necə oldu?

- Bir gün dostlarımla Nərimanovda tantuni yeməyə getmişdik. Oturduq elə tantuni yeyirdik, gördüm mahnılar ifa edirlər. Biz də elə yeyirik tantunimizi. Keçdi bu mahnını oxumağa. Soruşdum ki, "qaqaş, bu kimin mahnısıdr?" Qaqaş dedi ki, "dostumla mənim". Dedim ki, "bir də oxuya bilərsən zəhmət olmasa?" Bir də oxudu. Dedim, "çox əla mahnıdır. Çox dəhşət mahnıdır, bunu kim yazıbsa, halal olsun". İnanırsız, çıxdıq oradan, bir həftə mahnının sözləri beynimdə dolanırdı. "Yazar səndən şair, kağız qələmi tapana qədər" - bu frazalar yadımda qaldı. Gəldim bir həftədən sonra həmin yerə, bir dənə də tantuni sifariş etdim, qardaşa dedim ki, "mən bu mahnını almaq istəyirəm. Satırsızsa, bu dəqiqə pulunu sayıb, verəcəm". O da onda dedi ki, "mahnı tam olaraq mənim deyil". Əsl yazarı tapdıq, danışdıq. Elməddin Səfərli, 18 yaşı var cəmi. Hazırda Türkiyədə təhsil alır. Sağ olsun, görüşdük, anlaşdıq onunla.

Düşünün ki, evdə mahnını anama göstərdim, anam dedi ki, "bu nə mahnıdır?! Nəqarət yox, bənd yox. Elə bil ki, meyxanadır" (gülür). "Nə bilim bax da yenə də". Dedim ki, "mən sənə deyirəm. Bu mahnı tutacaq. Dahi bəstəkarlarımızdan sonra mən özüm də bəstə ilə məşğulam. Yəni mən əgər buna pul verib almışamsa, deməli, bu mahnıda mütləq ki, nəsə var". Dedi xeyirlisi. Götürdüm aranjeman etdim mahnını. İyul ayında hazır idi. Səbrim tükənir artıq paylaşmaq istəyirəm mahnını. Maşında qulaq asırıq, bütün dostlar dedi ki, "paylaş da bunu, biz də köçürək, dinləyək". Gəldi avqust ayı, hər şeyi həll etdim və 19-u mahnını təqdim etdim. Bir də görürəm ki, uzaqdan tanıdıqlarım mənə səs göndərirlər ki, qaqaş, bu mahnını sən oxumusan?! Təsəvvür edin ki, ikinci gündür mahnı paylaşılıb, Malakan ərazisindəyik, hər 3 maşından ikisində "Düşün məni" oxuyur. Nə bilim, hər şey birdən oldu da.