Dünyanın QİÇS problemi, 50 milyona yaxın ölüm


Dünya 12 Sen 2018 15:24:00 287 0

Dünyanın QİÇS problemi, 50 milyona yaxın ölüm

İraqlı bloger Əli Əthabın Azərbaycanda 8 minə yaxın ərəbin qazanılmış immun çatışmamazlığı sindromuna (QİÇS) yoluxması haqda iddiası gündəmdə bir partlayış effekti yaradıb.

Hazırda Azərbaycana ərəb turistlərin kütləvi axın etməsi və bu fonda belə bir iddia təbii ki, diqqətdən kənarda qala bilməzdi.

Son.az xəbər verir ki, modern.az bütün bunları nəzərə alaraq, dünyadakı QİÇS-lə bağlı statistik məlumatları araşdırıb.

Əvvəlcə regional göstəricilərə nəzər salsaq, burada QİÇS-dən ən çox əziyyət çəkən ölkələrin əsasən Şərqi və Cənubi Afrika ölkələri olduğunu görərik. Həmin ölkələrdə bu xəstəliklə yaşayan insan sayı 19,6 milyon nəfər təşkil edir. Ən aşağı göstərici isə Azərbaycanın, Yaxın Şərq və Şimali Afrika regionudur. Bu regionlardakı ölkələrdə ümumi olaraq QİÇS-lə yaşayan insanların sayı cəmi 220 min nəfər təşkil edir.

Amma unutmaq lazım deyil ki, QİÇS xəstəliyi hələ də hər il dünyada milyonlarla insanın həyatına son qoyur. Elə onu nəzərə almaq kifayət edir ki, xəstəliyin qeydə alındığı tarixdən 77,3 milyon insan QİÇS-ə yoluxub. Onlardan 35,4 milyonu (qeyri-rəsmi rəqəmlərə görə isə 49,9 milyona qədər) QİÇS üzündən həyatını itirib. Xəstəlik adından da göründüyü kimi, immun sistemini məhv edərək, insanların ən adi xəstəliklərdən belə ölməsinə səbəb olur.

Keçən ilin iyun ayına qeydə alınmış QİÇS-lə yaşayan insanların sayı 36,9 milyon insan təşkil edir. Qeyri-rəsmi rəqəmlər isə təxminən 31,1-43,9 milyon arası hesab edilir. 2017-ci ildə bu xəstəliyə yeni yoluxanların sayı 1,8 milyon təşkil edir.

Keçən ilin rəsmi rəqəmlərini əsas götürsək, hazırda 36,9 milyon (qeyri-rəsmi rəqəmlərə görə 44 milyona qədər) insanın bu xəstəliklə yaşadığını söyləmək olar. Bunlardan 1,8 milyonunun 15 yaşa qədər uşaqlar olması isə mənzərənin necə dəhşətli olmasını göstərir.

QİÇS-lə yaşayan insanların rəsmi rəqəmlərə görə 21,7 milyon nəfəri antiretrovirus terapiyası görür. Qeyd etmək lazımdır ki, müalicəyə cəlb olunanların sayı 2016-cı illə müqayisədə 2,3 milyon nəfər çoxdur.