"Banan Elçin" axtarışa verildi


Kriminal 12 Sen 2018 15:10:00 290 0

"Banan Elçin" axtarışa verildi

Rusiyanın İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş istintaq idarəsinin müstəntiqləri "Aysel" və "AyBaRus" şirkətlərinin sahibi, azərbaycanlı iş adamı Elçin Əhmədova qarşı qiyabi ittiham irəli sürərək barəsində federal axtarış elan edib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda "Kommersant" qəzeti yazır.

Elçin Əhmədov Rusiyaya xaricdən meyvə-tərəvəz idxal edən ən iri təchizatçılardan biridir və məlumatlara görə hətta banan idxalı üzərində monopoliyaya malik olub. Bu səbəbdən ona "Banan Elçin" ləqəbi də qoşublar. "Kommersant" Elçin Əhmədovu həm də "milyarder" kimi təqdim edir, amma biznesmenin sərvətinin həcmi barədə müfəssəl məlumat olmadığından onun dollar, yaxud rubl milyarderi olduğu dəqiq deyil.

İttihama əsasən E.Əhmədov və şirkətinin işçisi bir neçə il əvvəl Sankt-Peterburqun "Sofiysk" bazarında quldur basqını həyata keçiriblər. Sankt-Peterburq üzrə Baş istintaq idarəsinin ictimai təhlükəsizliyə və şəxsiyyətə qarşı cinayətlərin araşdırılması üzrə baş müstəntiqləri qeyd edirlər ki, onlar Elçin Əhmədova qarşı ittiham irəli sürmək üçün "kifayət qədər sübutlar" toplayıblar. Və biznesmenin özgəsinin əmlakını ələ keçirmək üçün quldur basqını təşkil etdiyinə, üstəlik sağlamlıq üçün təhlükəli şəkildə zor tətbiq etməklə hədələməklə, əmindirlər.

İstintaqın versiyasına görə 2015-ci il noyabrın 20-də səhər saat 9-an 11-ə qədər Elçin Əhmədov və onun əməkdaşı Cavid Mansurzadə, habelə "müəyyən olunmamış şəxslər" bazarda "Royal" MMC tərəfindən icarəyə götürülmüş anbara "aldatma yolu ilə" daxil olublar. Onlar "müəyyən olunmamış və tapançaya oxşayan predmetdən" istifadə edərək hansısa Həsənova zor tətbiq ediblər, habelə hansısa Heydərovu hədələyiblər. Daha sonra "Royal" MMC-nin sahibi Novruz Xəlilova məxsus olan 12 milyon rublu "açıq-aşkar qəsb ediblər".

İstintaq E.Əhmədovun hərəkətlərini Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə kvalifikasiya edib, onu həmin maddələr üzrə 8 ildən 15 ilə qədər həbs gözləyir. Əhmədovu Sankt-Peterburqda tapa bilmədiklərinə görə müstəntiqlər ona qarşı ittihamı qiyabi elan etməyi qərara alıblar və biznesmenin barəsində federal axtarış elan ediblər.

Lakin Elçin Əhmədov çoxdan Rusiyanı tərk edib, hazırda Azərbaycandadır və bu səbəbdən onun barəsində beynəlxalq axtarış elan ediləcəyi gözlənilir.