Elmar Məmmədyarov: Azərbaycan substantiv və intensiv danışıqlara hazırdır


Digərləri 12 Sen 2018 15:19:02 231 0

Elmar Məmmədyarov: Azərbaycan substantiv və intensiv danışıqlara hazırdır

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Baş katibini qəbul edib

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in baş katibi Tomas Gremingeri qəbul edib. Xarici İşlər Nazirliyinddən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov baş katib və onu müşayiət edən nümayəndə heyətini salamlayaraq, Azərbaycanın regional təşkilat olaraq ATƏT ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. ATƏT çərçivəsində təhlükəsizliyin bölünməzliyinin fundamental prinsip olduğunu qeyd edən E.Məmmədyarov bütün üzv dövlətlərin Helsinki Yekun Aktı üzrə öhdəliklərinə sadiq olmasının vacibliyini bildirib. Bu xüsusda, nazir E.Məmmədyarov Ermənistan Respublikasının ATƏT üzv dövləti qismində Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarının işğalını davam etdirdiyini vurğulayıb. O, təsis olunmasından etibarən ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olduğunu deyərək işğala əsaslanan status-kvonun dəyişdirilməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün səylərinin artırılmasının vacibliyini bildirib. E.Məmmədyarov əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqdadır. Nazir ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatını BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı təşkil etdiyini xatırladaraq Azərbaycanın münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı və ədalətli sülhü təmin etmək üçün substantiv və intensiv danışıqlara hazır olduğunu nəzərə çatdırıb.