İsveçdə deputat seçilən urmulu qızların atası: “Kürəkənim mərdəkanlıdır” FOTO


Digərləri 12 Sen 2018 15:05:00 260 0

İsveçdə deputat seçilən urmulu qızların atası: “Kürəkənim mərdəkanlıdır”  FOTO

Mahmud Bilgin: “Aydanın 3 yaşı olanda biz İrandan qaçdıq, Araz çayını keçib bu taya gəldik”

Ötən həftə İsveç Krallığında keçirilən seçkilərdə soydaşlarımız - iki bacı rəqiblərinə qalib gəliblər.

Parlament seçkilərində Aylin Fazelian Sosial-demokrat partiyasından Rksdağa, onun bacısı 34 yaşlı Ayda Kərimli isə Mərkəz partiyasından əyalət parlamentinə üzv seçiliblər.

Uğur qazanan xanımlar əslən güneylidirlər. Onlar illərdir ki, İsveçin Göteborg şəhərində yaşayan Güney Azərbaycan Demokrat Partiyasının (GADP) sözcüsü Mahmud Bilginin övladlarıdır. Bu münasibətlə Mahmud bəylə söhbət etmək istədik. Azərbaycanın quzeyində də çoxlarına tanış olan Mahmud Bilgin 1956-cı ildə Güney Azərbaycanın Urmu şəhərində anadan olub. Elektrotexnika üzrə ali təhsil alıb. 1977-ci ildə şah rejiminə qarşı savaşda ağır yaralanıb, onu sinəsindən bıçaqlayıblar. Son.az musavat.com-a istinadən xəbər verir ki, İranda iki il gizli yaşayandan sonra ölkəni tərk etməyə qərar verib.

- Mahmud bəy, bu xoş xəbər hər birimizin ürəyini dağa döndərdi. Bəs, siz bu xəbəri necə qarşıladınız? Hər iki övladınızın qalib olacağını gözləyirdinizmi, yoxsa gözlənilməz oldu?

- Yox, biz illərdir ailəlikcə bu məsələdən danışırdıq, fikirləşirdik, gözləyirdik. Pillə-pillə, addım-addım uşaqların bu prosesə doğru gedilməsinin şahidiydik. İllər öncə qızların adları partiya siyahısına daxil edildi. İsveçdə seçilmə başqa ölkələrdən bir az fərqlidir. Burada partiyalar kimin adını siyahıya əlavə edirsə, onun qalib çıxa biləcəyi, yaxud çıxa bilməyəcəyi öncədən bəlli olur. Məsələn, tutaq ki, partiyanın 60 namizədi var, deməli, 20-30-cu adamın şansı yoxdur. Amma ilk üçlükdə olan şəxslərin şansı daha yüksəkdir.

- Xanımlar siyahıda neçənci idilər?

- Aylin siyahıda ikinci yerdəydi. Ona görə bilirdik ki, o, yüzdəyüz seçiləcək. Amma yenə də görürsən ki, bəzi hadisələr olur. Allaha şükür, heç bir problem yaranmadı, normal seçki oldu. Ayda isə siyahıda birinci yerdəydi, ancaq əyalət parlamentində. Burada üç seçki var idi, milli parlamentə, əyalət parlamentinə və bələdiyyələrə seçkilər. Digər bir dostumuz Turan Əliyev də bələdiyyələrin birinə seçildi. O, bələdiyyə seçkilərində üçüncü sıradaydı. Bizimlə qonşudur. Bakıdan gəlib, əslən Naxçıvanlıdır. Çoxdan burada yaşayır və fəaldır.

- Maraqlıdır, digər qızınız ölkə parlamentə iddia etmədi, yoxsa nədən əyalət parlamentinə seçkiyə qatıldı?

- Böyük qızım Aydanın partiya məsulları ilə əlaqələri çox yaxşıdır. Ancaq onun 3 uşağı var, özü də sonbeşiyi yeni dünyaya gəlib, üç aylıqdır. Düşündü ki, milli parlamentə gedib-gəlməsi, iştirakı ailə baxımından çətinlik yaradacaq. Ona görə də 1 saatlıq məsafədəki əyalət parlamentinə düşməyə qərar verdi. Düşündü ki, orda olsa, həm də təcrübə baxımından yaxşı olar. Ayda İsveç siyasətinə 5 ildir qatılıb. Amma Aylinin yaşı az olsa da 14 yaşından siyasətdədir. Aylin 12 ildir siyasətlə məşğuldur.

- Qızlarınızın siyasətə gəlişində daha çox kimin rolu oldu?

- Hər ikisi universitet təhsillidir. Aylin Göteborq Universitetini, Ayda isə Lund Universitetinin Malmo bölməsini bitirib. Ayda neçə illər Güney Azərbaycan məsələləri ilə bağlı mənimlə çalışıb. Demək olar ki, mənimlə birlikdə senatorlarla görüşüb, Avropa Parlamentində olub, YUNESKO-ya gedib. Yəni əsas məşğul olduğu məsələlər Güney Azərbaycan, milli dərdlərimiz olub.

- Mahmud bəy, neçə övladınız var?

- 3 övladım var. Üçüncüsü Atilladır. Onun 12 yaşı var.

- Oğul övladınız da siyasətə meyl edir, deputat olmaq istəyirmi?

- (Gülür) İnşallah! Vallah, demək olar ki, 30 ilə yaxındır ailəmizdə gündəlik məsələlər siyasət haqdadır. Güney məsələsi, Azərbaycan məsələsindən danışırıq hər zaman və uşaqlar da siyasi məsələlərə alışırlar.

- Ailənin xanımının siyasətə münasibəti necədir?

- Uşaqların anası Əfsanə Sulduzlu Güneydən, əslən Sulduzdandır. O da Güney Azərbaycanın milli fəallarındandır. O da siyasətə bağlı insandır. Həyat yoldaşım da milli məsələlərdə aktiv olduğu üçün bunun da uşaqlara təsiri olub.

- Qızlarınız harada anadan olublar?

- Ayda 34 il bundan öncə Təbrizdə anadan olub. Aylinlə Atilla isə İsveçdə, Göteborqda doğulub.

- Avropaya, İsveçə necə gedibsiniz?

- Aydanın 3 yaşı olanda biz İrandan qaçdıq, Araz çayını keçib bu taya gəldik. Aprel ayında qaçdıq.

- Həmin günü necə xatırlayırsınız?


Xəbərə aid fotolar