Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları hazırlanıb


Digərləri 12 Sen 2018 14:57:00 261 0

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları hazırlanıb

Gələn aydan həmin ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanacaq

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası və ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi istiqamətlərində aparılan işlər müzakirə olunub. Nazirlikdən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezidentin 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri bu ayın sonunda yekunlaşacaq. Vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq. Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları da hazırlanıb. Bu qaydalar ödəmələrin verilməsi prosedurlarının tam şəffaf və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsinə imkan verəcək.