Əmlak Məsələləri Dövlət Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi birgə əməkdaşlığa start verib


Digərləri 12 Sen 2018 14:19:21 270 0

Əmlak Məsələləri Dövlət Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi birgə əməkdaşlığa start verib

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında anlaşma memorandumunun imzalanması ilə bağlı tədbir keçirilib.

Bakı. Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında anlaşma memorandumunun imzalanması ilə bağlı tədbir keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, memorandumun əsas hədəfi kənd təsərrüfatının inkişafı məqsədləri üçün torpaqların elektron kadastr uçot informasiya sisteminin məlumatlarından qarşılıqlı yararlanmaq, bu sahədə təcrübə mübadiləsi, o cümlədən fəaliyyət istiqamətləri üzrə strateji planlaşdırma, birgə layihə və innovasiyaların tətbiqini əhatə edir. Tədbir çərçivəsində dövlət başçısının müvafiq tapşırığına uyğun olaraq əmlak idarəçiliyi sahəsində ilk dəfə reallaşdırılan ən iri və unikal layihələrdən olan sistem barədə təqdimat olub. Bildirilib ki, torpaqların elektron kadastr uçotu ümumilikdə 57 şəhər və rayonu, həmçinin 6,5 milyon hektara yaxın ərazini əhatə edəcəkdir. Bu günə qədər 4,6 milyon hektar sahənin elektron kadastr uçotu aparılıb. 2 minə yaxın şəhər, kənd və yaşayış məntəqələrində elektron kadastr uçotu işləri görülüb. Elektron kadastr uçotu aparılmış parsellərin sayı 2,8 milyon təşkil edir. Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naftalan, Şirvan şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. Bildirilib ki, 24 rayonda torpaqların elektron kadastr uçot işləri yekunlaşıb. Artıq 10 rayonda uçot işlərinin real şəraitdə tətbiqi mexanizminə başlanılıb. Görülən işlər nəticəsində, dövlətə, bələdiyyələrə, eləcə də xüsusi mülkiyyətə məxsus torpaqların dəqiq həcmi məlum olub. Bu işlər əsasında kənd təsərrüfatı təyinatlı torpaqların sahələri müəyyənləşib, yararlı və yararsız ərazilərin xüsusi çəkisi bəlli olub. Reallaşan bu layihə çərçivəsində 2,3 milyon hektar ərazidə torpaq tədqiqatı işləri yerinə yetirilib. 2 milyon hektardan çox ərazidə isə geobotaniki tədqiqat işləri həyata keçirilib. Eyni zamanda torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası aparılıb. Uçot işləri yekunlaşmış rayonların bələdiyyə xəritələri, yay otlaqlarının geobotanik, torpaqların isə eroziya xəritələri tərtib edilib. Belə xəritələr torpaqların kənd təsərrüfatının hansı növünə cəlb ediləcəyi ilə bağlı düzgün fəaliyyətin təməlini formalaşdırır. Həmçinin bu aqrar sahəyə cəlb olunan torpaq sahələrinin artmasına, məhsuldarlıq üzrə faydalılıq dərəcəsinin müəyyənləşməsinə imkan verir. Diqqətə çatdırılıb ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi ilə bağlı publik portal yaradılır. Portalda hər bir rayonun torpaqla bağlı məlumatlarını əks etdirən xəritələr yerləşdiriləcək.