Prokuror tanınmış idmançının evindən 67 min manatlıq oğurluq edən şəxslərə cəza istəyib


Digərləri 12 Sen 2018 14:02:00 249 0

Prokuror tanınmış idmançının evindən 67 min manatlıq oğurluq edən şəxslərə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında N.İsrafilovun 8 il 6 ay və N.Fərəcovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı N.Fərəcovanın məhkəmə zalından həbs edilməsini istəyib.

F.Əzizova çıxışında N.İsrafilova ən ağır cəzanın verilməsini istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 19-na təyin edilib. 

Qeyd edək ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs ediliblər. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.