Metroda gediş haqları


Digərləri 12 Sen 2018 14:04:00 312 0

Metroda gediş haqları

Son.az "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun Bakı metrosunda gediş haqlarının tarixçəsi ilə bağlı qeydlərini təqdim edir:

1967-ci il noyabrın 6-dan istismarı başlanmış Bakı metropolitenində Azərbaycan müstəqillik qazanana qədər gediş haqqı 5 qəpik (Sovet pulu ilə 5 kopeek) idi.

1992-ci ilə yanvarın 4-də Bakı metropolitenində ilk dəfə gediş haqqının qiymət dəyişikliyi edildi. Qərara əsasən, qiymətlər 15 qəpik (kopeek) oldu. Yeni qiymət 1992-ci il martın 1-nə qədər qüvvədə qaldı. Həmin tarixdən bir sərnişinin daşınma haqqı 30 qəpik (kopeek) müəyyən edildi. Gediş haqqını ödəmək üçün sərnişin keçid məntəqəsində avtomat-nəzarət aparatına 2 ədəd 15 qəpiklik daxil etməli idi.

1992-ci ilin iyun ayından gediş haqqı 1 rubl idi. Həmin vaxtdan jeton sistemi tətbiq edilməyə başlandı.

O il dekabrın 17-də qiymətlər yenə dəyişdi. Sərnişin metropolitendən istifadəyə görə 3 rubl ödəməli idi.

1993-cü ildə qiymətlər iki dəfə dəyişdi. İyulun 26-dan metropolitendən istifadənin qiyməti 5 rubl müəyyən edildi. Dekabrın 1-də isə gediş haqqı 30 rubl təyin edilməklə yanaşı, ödəmə vasitəsi kimi talon sistemi müəyyən edildi.

1994-cü il yanvarın 1-dən yenidən jeton sistemi tətbiq edilməklə sərnişinlər gediş haqqını milli pul vahidi - Azərbaycan manatı ilə ödəməyə başladılar. Bir jeton və ya bir gediş sərnişinə 3 manata başa gəlirdi.

1994-cü il fevralın 15-də yenidən talon sistemi tətbiq edilməklə gediş haqqı 5 manat oldu. Həmin il iyulun 1-dən jeton sisteminə qayıdış oldu. Metropolitendən istifadə isə 20 manat müəyyən edildi. 1994-cü il noyabrın 7-də sərnişin 50 manat ödəməklə metropolitendən istifadə etməyə başladı. Həmin il dekabrın 15-dən gedişin qiyməti 100 manat oldu.