“Sufi” sözü haradan yaranıb?


Digərləri 11 Sen 2018 21:15:00 319 0

“Sufi” sözü haradan yaranıb?

Bu sözün kökü barədə müxtəlif fikirlər vardır. Biz onlardan ikisi üzərində dayanacağıq.

Son.az islam.az-a istinadən bildirir ki, bir nəzəriyyəyə görə bu söz "əshabüs-süffə" anlayışından törəmişdir. İslam tarixindən məlumdur ki, hicrətdən sonra mühacirlərin böyük bir hissəsi ev-eşiksiz qalmışdı. Yeni şəhərdə onların nə qohumları, nə sərvətləri, nə də evləri var idi. Ona görə Peyğəmbər bu şəxslərə yeni tikilmiş Mədinə məscidinin qarşısında ayrılmış xüsusi sahədə yaşamağı təklif etdi. 400 nəfərə yaxın mühacir məscid kənarındakı geniş səkinin üstündə məskunlaşdı. Onlara "əshabüs-süffə" (səki əhli) deyirdilər. Əshabüs-süffə bir-biri ilə qardaş kimi mehribanlıqla dolanır, gündüzlər səhradan odun toplayıb gətirir, boş vaxtlarını ibadət, dua və Quran tilavəti ilə keçirirdilər. Deyilənlərə görə, sufilər də əhlüs-süffə kimi dünya işlərinə etina göstərməyib, axirət işləri ilə məşğul olduqlarına, ev və sərvətdən özlərini ehtiyacsız bildiklərinə, əldə etdikləri hər şeyi öz aralarında tən böldüklərinə görə onlara bu ad verilmişdir.

Daha bir nəzəriyyəyə görə isə "sufi" "yun geyim geyinən" deməkdir. Sufilərə ona görə bu ad verilib ki, onlar bəzəkli və rahat geyimlərdən imtina edir, heyvan yunundan toxunmuş kobud, qaba paltar geyinirdilər. Bu, onların dünyaya və dünya nemətlərinə arxa çevirmələrinin rəmzi idi.