Vüqar Rəhimzadə: 15 sentyabr tarixi Türkiyə-Azərbaycan qardaşlığının zəfər günüdür


Digərləri 11 Sen 2018 16:24:17 217 0

Vüqar Rəhimzadə: 15 sentyabr tarixi Türkiyə-Azərbaycan qardaşlığının zəfər günüdür

15 sentyabr tarixi Türkiyə-Azərbaycan qardaşlığının zəfər günüdür.

Bakı. İlhamə İsabalayeva - 15 sentyabr tarixi Türkiyə-Azərbaycan qardaşlığının zəfər günüdür. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. V.Rəhimzadə qeyd edib: "Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət", Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" tezisləri tarixin sınaqlarından çıxmış, bütün dövrlər üçün öz aktuallığını qoruyub saxlamışdır. Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının zəfər günü kimi dəyərləndirilən 15 sentyabr 1918-ci il tarixindən ötən 100 illik yol bu birliyə, həmrəyliyə bir daha işıq salmaqla yanaşı, onun sarsılmazlığını, əbədiliyini dünyaya nümayiş etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda dövlətimizin başçısı cənab İlham Əliyev Bakının azad olunmasını belə xarakterizə edib: "Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır". Baş redaktor bildirib ki, Türkiyə-Azərbaycan birliyinin çoxəsrlik tarixində yaddaqalan məqamlardan biri kimi 15 sentyabr 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik əsarətindən xilas etdiyi gündür: “Məhz həmin tarixdə erməni soyqırımına məruz qalan azərbaycanlıları qaniçən Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik quldur dəstələrindən xilas edən Qafqaz İslam Ordusunun əsgərləri sözün əsl mənasında azərbaycanlı qardaşlarına kömək oldular. Onlar Bakını işgalçılardan azad etmək üçün həyata keçirilən hərbi əməliyyatlarda 1130 şəhid verdi”. Ekspert vurğulayıb ki, bu gün erməni vəhşiliklərinin nümunəsi olan Quba məzarlığı daşnakların azərbaycanlılara və yəhudilərə qarşı törətdikləri qətliamlar nəticəsində yaranan yüzlərlə məzarlıqdan biridir: “Bəşər tarixinə insan qatili, soyqırımı müəllifləri kimi daxil olan ermənilər daşnak ideologiyasının qanla yoğrulduğunu həmin hadisələr zamanı bir daha təsdiqlədilər. 1915-ci ildə rus-ingilis-fransız qoşunlarının Türkiyəyə hərbi müdaxiləsi zamanı türklərə xəyanətləri üzündən deportasiya olunan ermənilərə qarşı guya soyqırımı törədildiyini iddia edən ermənilər 1918-ci ildə Azərbaycanda sözün əsl mənasında dəhşətli soyqırımı həyata keçirməklə öz qəddarlıqlarını bir daha təkrarladılar”.