Şamaxıda itə görə həmkarını öldürən çobanın məhkəməsi başlayıb


Sosial 11 Sen 2018 11:47:40 301 0

Şamaxıda itə görə həmkarını öldürən çobanın məhkəməsi başlayıb

Məhkəmənin baxış iclası sentyabrın 22-nə təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Natiq Binyətovovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatlarında qeyd edilibr ki, 22 yaşlı N.Binyətov subaydır, ilk dəfədir cinayət əməli törədib.

O, orta məktəbi 4-cü sinfə qədər oxuduğunu, yaşadığı rayonda təsərrüfatla məşğul olduğunu, çobanlıq etdiyini deyib.

Məhkəmənin baxış iclası sentyabrın 22-nə təyin edilib.

Xatırladaq ki, hadisə Şamaxı rayonunun Acıdərə yaşayış massivində baş verib. Çobanlıqla məşqul olan, rayonun Quşçu kənd sakini, 1980-cı il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyev qonşusu, 1996-cı il təvəllüdlü Natiq Şirbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.

İlkin məlumata görə, qətlə yetirilən çoban Z.Hacıyevin iti N.Binyətovun itini parçalayaraq öldürüb.

Bunu görən N.Binyətov da Z.Hacıyevin yaşadığı evə gədərək ov tüfəngi ilə onun itini öldürüb.

Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və N.Binyətov özü ilə gətirdiyi ov tüfəngi ilə Z.Hacıyevə 7 dəfə atəş açıb. Z.Hacıyev hadisə yerində ölüb.

N.Binyətov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb.

N.Binyətov Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.