Mobil texnologiyalar xərcləri 1,8 trilyon olacaq


Digərləri 11 Sen 2018 07:51:00 264 0

Mobil texnologiyalar xərcləri 1,8 trilyon olacaq

"IDC" analitik şirkətinin proqnozuna görə, 2022-ci ildə mobil texnologiyalar üzrə qlobal xərclər 1,8 trilyon dollara yaxınlaşacaq. Mütəxəssislər hesab edirlər ki, cari beşillikdə artım sürəti dəyişəcək, amma bazarda gəlir ildə orta hesabla 2,8% artacaq. 2018-ci ildə mobil rabitə, qurğu və mobil proqramların satın alınması xərcləri daxil olmaqla mobil texnologiyalar üzrə xərclər 1,63 trilyon dollar səviyyəsində gözlənilir.   Son.az ICTnews-a istinadən bildirir ki, baxılan dövrdə mobil texnologiyalar üzrə xərclərin 70%-dən çoxu istehlakçıların payına düşəcək. İstehlak xərclərinin 50%-dən çoxu mobil rabitə xidmətlərinin payına düşəcək, digər hissəsi isə qurğu, əsasən smartfon alınmasına sərf ediləcək.   Dövlətlər arasında mobil texnologiyalar üzrə xərclərə görə ABŞ və Çin liderlik edəcək. 2018-ci ildə hər iki ölkədə müvafiq xərclərin 300 milyard dolları ötəcəyi gözlənilir. Bundan başqa, ilk beşlikdə Yaponiya, Hindistan və Braziliya yer alacaq. Bu ölkələrdə xərclər müvafiq olaraq 107, 51 və 44 milyard dollara bərabər olacaq.   Mobil texnologiyalar üzrə xərclər Hindistanda daha sürətlə, ildə orta hesabla 7,9% artacaq. İsrail, Tayvan və Səudiyyə Ərəbistanında isə mənfi dinamika proqnozlaşdırılır.