Bakıda yeni metro stansiyasının istifadəyə verilmə TARİXİ və YENİLİKLƏR (ÖZƏL)


Digərləri 11 Sen 2018 07:46:10 211 0

Bakıda yeni metro stansiyasının istifadəyə verilmə TARİXİ və YENİLİKLƏR (ÖZƏL)

Paytaxtın Ceyhun Səlimov küçəsində tikilməkdə olan Bənövşəyi xəttin 3-cü stansiyasında (B3) yeni və fərqli texnologiyalar tətbiq ediləcək.

Bakı. Samir Əli - Paytaxtın Ceyhun Səlimov küçəsində tikilməkdə olan Bənövşəyi xəttin 3-cü stansiyasında (B3) yeni və fərqli texnologiyalar tətbiq ediləcək. Bu barədə Trend-ə özəl açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. B.Məmmədovun sözlərinə görə, stansiya istismara veriləndən sonra qatarların hərəkətində əsaslı dəyişiklik olacaq: "İlk növbədə, stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq. Hazırda xətdə qatarlar iki stansiya – "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında hərəkət edir. Ümumi kompleksinin uzunluğu təqribən 370 metr olan 3-cü stansiyadan sonrakı sahədə 193.91 metr uzunluğunda dönmə kamerası inşa olunur. Bu isə stansiya istismara veriləndə qatarların dövrə vuraraq hərəkətini təmin edəcək". Qurum rəsmisi bildirib ki, hazırda stansiya kompleksinin inşaatında dəmir-beton konstruksiya işləri başa çatdırılıb: "Kommunikasiya xətləri, kabel kollektorları, stansiya avadanlıqlarının yerləri üzlükçülərin ixtiyarına verilib. Stansiyanın yol divarında və döşəmədə üzlük işlərinin aparılması üçün imkan yaradılıb. Divar səthinə keramoqranitin, döşəməyə isə qranitin düzülməsinə başlanılıb. Bundan sonrakı mərhələdə isə quraşdırma işləri başlanacaq".