Xorvatiya Azərbaycanın Avropaya inteqrasiyası üçün mühüm vasitə ola bilər


Siyasət 11 Sen 2018 07:10:00 222 0

Xorvatiya Azərbaycanın Avropaya inteqrasiyası üçün mühüm vasitə ola bilər

"Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər deməyə əsas verir ki, strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Xorvatiya münasibətləri uğurla inkişaf edir və tərəflər arasında çox fəal siyasi dialoq mövcuddur".

Bu barədə Son.az-a açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib.

Bu ölkə Azərbaycan üçün strateji və sevimli tərəfdaş ola bilər Millət vəkilinin fikrincə, Xorvatiya ilə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır və bu ölkə Azərbaycanın Avropaya inteqrasiyası üçün mühüm vasitə ola bilər: "Səfər zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalandı və hər iki ölkənin əməkdaşlığı dərinləşdirmək niyyətində olduğu ifadə edildi. Azərbaycan ilə Xorvatiya arasında kənd təsərrüfatının inkişafı, informasiya texnologiyaları, gəmiqayırma, yeyinti məhsullarının emalı sahələrində də əlaqələrin dərinləşdirilməsi olduqca aktual olmaqla mühüm əhəmiyyətə malikdir. Bundan başqa, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir. Azərbaycanın strateji tərəfdaşı olan Xorvatiya daim ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığını dəstəkləyir. Ümumiyyətlə, Azərbaycan Avropaya uğurla inteqrasiya edir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir. Bununla yanaşı, Avropanın digər iqtisadi institutlarına inteqrasiya Azərbaycan üçün olduqca vacibdir və bu, əsas etibarilə, qeyri-neft sektorunda daha aktualdır. Qərb dövlətlərinin artıq oturuşmuş iqtisadi münasibətləri və qəlibləşmiş standartları var, ona görə də keçmiş sovet sisteminə daxil olan ölkələrin Qərbə inteqrasiyasında iqtisadi maraqların və sistemlərin uzlaşdırılması tələb olunur. Bu prosesdə Şərqi Avropa ölkələri əhəmiyyətli təcrübə qazanmağa və müəyyən model əldə etməyə nail olublar. Bu baxımdan, Xorvatiya Qərb iqtisadi institutlarına ən uğurlu inteqrasiya etmiş dövlətlərdən biridir. Ona görə də Azərbaycanın Avropaya inteqrasiyası üçün Xorvatiya mühüm vasitə ola bilər. Cənubi Qafqazda isə Azərbaycan Xorvatiyanın ən mühüm tərəfdaşlarından biridir. Qarşılıqlı maraqlar bundan sonrakı mərhələdə də Xorvatiya-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirir və bu, hər iki ölkənin milli maraqları baxımından zəruridir".

İlkin İzzət Son.az