Ekspert: "Paşinyanın Moskva səfəri o qədər nəticəsiz oldu ki, hətta Ermənistan təbliğatı bunu örtbasdır edə bilmir"


Siyasət 10 Sen 2018 18:00:00 283 0

Ekspert: "Paşinyanın Moskva səfəri o qədər nəticəsiz oldu ki, hətta Ermənistan təbliğatı bunu örtbasdır edə bilmir"

"Nikol Paşinyanın son Moskva səfəri o qədər nəticəsiz olub ki, hətta Ermənistan təbliğatı özü bunu ört-basdır etmək üçün inandırıcı izah və arqumentlər gətirə bilmir".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, Ermənistan baş nazirinin Rusiya Prezidenti Vladimir Putinlə görüşünün ugursuz nəticələrini gizlətmək üçün guya görüşün çox böyük qapalı tərəflərinin olduğu barədə ideoloji tezis də köməyə çatmır:

"Paşinyan Moskva görüsünə sözsüz ki, müəyyən gözləntilərlə getmişdi və ya onun komandası bu səfərdən çox şey gözləyirdi. Onlar üçün ən ümdə gözlənti Putini Ermənistanın guya hələ də Rusiya üçün sadiq strateji müttəfiq kimi qaldığına inandırmaq idi. Görüşün detalları haqqında bilgilər olmasa da, bir neçə konkret fakt deməyə əsas verir ki, Paşinyan dərin çat vermiş Rusiya-Ermənistan münasibətlərini bərpa edə bilmədi. Heç bir konkret sənəd imzalanmadi, qaz satışının tarifləri məsələsi açıq qaldi, Paşinyan Rusiyanın Qarabag prosesində vasitəçilik missiyasını aşkar hörmətdən salan qeyri-konstruktiv bəyanat səsləndirdi. Keçmiş prezident Koçaryanın taleyi ilə baglı suala çox ümumi cavab verməklə Paşinyan bu məsələdə də heç bir konkret razılaşmanın olmadığını büruzə verdi. Bu faktlar məntiqi olaraq ortaya qoyur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Xaçaturovun məsələsi, Ermənistanda rus qoşunlarının statusu, Ermənistana güzəştli kreditlə silah satışının davam etdirilməsi, Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığının yavaşıdılması kimi məsələlər ətrafında heç bir qarşılıqlı anlaşma olmayıb".

Onun sözlərinə görə, N.Paşinyanın Moskvadan necə əliboş qayıtdığını göstərmək üçün onu Prezident Əliyevin Soçidə əldə etdiyi nəticələrlə yanaşı qoymaq kifayətdir. Paşinyanın aktivində nəticəsizlik, Prezident İlham Əliyevin aktivində böyük və məzmunlu nəticə var:

"İlham Əliyev - Vladimir Putin görüşü çoxlu sayda iqtisadi, siyasi, ticarət, investisiya, nəqliyyat, yükdaşıma, maliyyə və bank sahəsində əməkdaşlıq sənədlərinin imzalanması ilə nəticələndiyi halda, Paşinyanla heç bir sənədin imzalanmaması əslində Ermənistanın bütün dünyada açıq-aydın görünən fiaskosudur. Bu fakt Ermənistan-Rusiya münasibətlərinin əsas istiqamətlərində ciddi problemlərin hələ də qaldığını sübut edir. Paşinyanın Moskvada Qarabağı Ermənistanın tərkibində təsəvvür etməsi bəlkə də onun erməni cəmiyyəti ilə reytinq spekulyasiyasında hansısa nəticələr verə bilər. Ancaq Moskvadakı görüş kontekstində Paşinyanın belə pozucu Qarabağ bəyanatı səsləndirməsi vasitəçi ölkə kimi Rusiyanın özünün də imicini zədələməyə hesablanıb. Putinlə danışıqlar Paşinyanın istədiyi kimi getsəydi, erməni baş nazir Qarabağ məsələsində bu qədər aşkar qeyri-konstruktiv bəyanat verməzdi".