Ekspert: Paşinyan sələflərinin səhvlərindən nəticə çıxararaq bölgədəki reallıqları nəzərə almalıdır


Digərləri 10 Sen 2018 16:08:00 238 0

Ekspert: Paşinyan sələflərinin səhvlərindən nəticə çıxararaq bölgədəki reallıqları nəzərə almalıdır

Paşinyan sələflərinin səhvlərindən nəticə çıxararaq bölgədəki reallıqları nəzərə almalıdır.

Bakı. Elçin Mehdiyev - "Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada iş adamları ilə görüşdə söylədiyi sözlər sırf təxribatdır və açıq-aşkar avantüradır. Bu adam əvvəlki cinayətkar həmkarlarının yolu ilə gedərək, öz xislətini və mahiyyətini nümayiş etdirdi. Göstərdi ki, Ermənistanda hələ ki, normal düşüncəli siyasətçi, ağlı yerində olan dövlət adamı yoxdur, bütün siyasətçilər, idarəçilər daşnak ideologiyasına tutulublar və bu xəstəlikləri də sağalan deyil". Bunu Trend-ə açıqlamasında hüquq elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev deyib. O qeyd edib ki, N.Paşinyanın sözləri həm də beynəlxalq hüquq normalarının, Azərbaycanın BMT Nizamnaməsi ilə təsbit edilmiş və tanınmış hüquqlarının açıq-aşkar və kobud şəkildə pozulmasıdır: “Bu adam hələ də anlamır və ya anlamaq istəmir ki, Azərbaycan 1992-ci ildə BMT-yə qəbul olunarkən, bu beynəlxalq təşkilat tərəfindən Qarabağ və ona bitişik işğal olunmuş ərazilər Azərbaycanın tarixi və qanuni əraziləri kimi tanınıb. BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı 1993-cü ildə qəbul etdiyi 4 məlum qətnamədə, həmçinin Avropa Şurasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların qətnamələrində bir daha Qarabağ Azərbaycanın ərazisi kimi tanınıb və işğalçı erməni hərbi birləşmələrinin, cinayətkar quldur dəstələrinin qeyd-şərtsiz həmin ərazilərdən geri çəkilməsi tələb olunub. Bütün dünya ictimaiyyətinə çox gözəl bəllidir ki, Qarabağ Azərbaycanın ayrılmaz, əzəli-əbədi ərazisidir. İşğal faktı hələ də aradan qaldırılmasa da, bu ərazi, bu torpaq heç zaman ermənilərin, Ermənistanın olmayıb və olmayacaq da. Azərbaycan öz ərazilərini, öz torpaqlarını heç kimə güzəştə gedən deyil. Bu, Azərbaycanın birmənalı və dəyişməz mövqeyidir". Ekspert bildirib ki, N.Paşinyan nə qədər ki gec deyil, sələflərinin səhvlərindən düzgün nəticə çıxararaq bölgədəki reallıqları nəzərə almalıdır: "Eyni zamanda, bəyanatlar verməkdən savayı, ötən 20-25 il ərzində heç nəyə nail olmayan ATƏT-in Minsk qrupunun həmsədrləri də artıq hərəkətə keçməli, Ermənistanı ədalətli sülhə məcbur etməlidirlər. Bəyanatlar dövrü geridə qalıb, artıq konkret iş, əməli fəaliyyət dövrüdür”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin