Düşmən güllələrinin yağdığı kəndimiz:


Digərləri 10 Sen 2018 15:23:00 273 0

Düşmən güllələrinin yağdığı kəndimiz:

Çıraqlı Qarabağ müharibəsinin hər acısını görmüş kəndlərdən biridir... Bu kənd Ermənistan və Azərbaycan ordularının təmas xəttinin Ağdam istiqamətindən keçən hissəsində cəbhəyə lap yaxınlıqda, belə desək, bir addımlıqda yerləşir. 1994-cü ildə burada aylarla döyüş gedib. Bir müddət erməni ordusunun nəzarəti altında da olub. Sonra erməni işğalından azad edilib. Amma müharibənin Çıraqlıya gətirdiyi problem və çətinliklər bu gün də davam edir. Əkin sahələrində işləmək təhlükəlidir.

Kənd sakini Şövkət Aslanova bir neçə il əvvəl həyət-bacada işləyərkən güllə yarası alıb. Xoşbəxtlikdən həyatını itirməyib. Deyir ki, ondan sonra da ermənilərin postundan atılan güllə 2-3 nəfərə dəyib.

Şövkət xanım deyir ki, bu yaşayış məntəqəsində yaşamağın təhlükə dolu olmasına rəğmən həyat davam edir. Ən çətin məqamlardan biri uşaqların güllə altında dərsə gedib-gəlməsidir.

Sakinlər heç nə olmamış kimi davransalar da, cəbhə xəttinə yaxın ərazidə yaşamağın ağırlığı adamların üzündəki cizgilərdən aydın sezilir. Amma əli iş tutan hər kəs gündəlik güzəran üçün səhərdən axşama qədər zəhmətə qatlaşır.

Kəndin işğalı zamanı doğma evlərini tərk etmiş ailələrdən bir neçəsi hələ də geri qayıtmayıb-hardasa məcburi köçkün kimi yaşayır. Döyüşlərdə yandırılan evlər var. Sahibləri geri dönməyən mənzillər isə uçulub-dağılır.

Yaşayış olan evlərin qapı-pəncərəsi isə neçə illərdir güllə dəyməkdən dəlmə-deşikdir. Atəşkəs pozulanda evlərin divarlarındakı "güllə naxışları" təzələnir...

Kənd sakini Xurşud Məmmədov deyir ki, Azərbaycan Ərazilərinin Bərpası Agentliyi Çıraqlının cəbhə xəttinə açılan hissəsinə istinad divarı çəkib. Bu tikili kəndi qismən də olsa, ermənilərin yüngül atıcı silahlardan açdıqları atəşdən qoruyur. Amma heç kim, heç nə burada təhlükəsizliyə tam təminat verə bilmir.

Axşama yaxınlaşdıqca əl-ayaq çəkilməyə başlayır. Günün yorğunluğundan yaxa qurtarmağa çalışan adamlar həm də təsadüfi güllələrdən gizlənmək üçün evlərinə tələsir. Atəşkəs pozulana qədər isə cəbhədəki sükutu qurbağaların qurultusu və neytral ərazilərdə balalayıb çoxalan çaqqal və tülkülərin ulartısı pozur. Şəxsi təsərrüfatında olan mal-qaranı, qoyun-quzunu həyətə gətirib dincəlmək üçün evə tələsən Yasin Məmmədov deyir ki, bəzən yırtıcılar həyət-bacalara soxulur, təsərrüfata zərər vurur. 

Müharibə Çıraqlıda nəinki evlərin çırağını az söndürməyib. Hər şeyə rəğmən, Çıraqlı sakinləri sülh günlərini əliçıraqlı gözləyirlər...

Teymur Zahidoğlu Son.az