Bakı Metropolitenində Gəmiçiliyin 160 illiyinə həsr olunmuş fotoqalereya açılıb (FOTO)


Digərləri 10 Sen 2018 12:53:00 301 0

Bakı Metropolitenində Gəmiçiliyin 160 illiyinə həsr olunmuş fotoqalereya açılıb (FOTO)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə “Gənclik” metrostansiyasında “Metro Gallery” layihəsi çərçivəsində “Gəmiçilik-160 il” mövzusunda fotoqalereya açılıb.

Bakı. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə “Gənclik” metrostansiyasında “Metro Gallery” layihəsi çərçivəsində “Gəmiçilik-160 il” mövzusunda fotoqalereya açılıb. Trend-in məlumatına görə, bu dəfə paytaxt sakinləri və Bakının qonaqları stansiyanın hər dörd çıxışının əsas vestibüllərində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixini əks etdirən nadir fotoları görmək imkanı qazanıblar. Foto sərginin ilk günündə rəsmi açılış mərasimi baş tutub. Açılışda çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr olunan sərgidə 90-dan çox foto nümayiş olunur: “Fotoların hər biri Xəzərdə Azərbaycan gəmiçiliyinin müxtəlif dövrlərini əhatə edir. Burada Xəzər dənizində üzən ilk gəmilər, tanınmış dənizçilər, neft mədənləri, tacirlər haqqında maraqlı fotolara rast gəlmək mümkündür”. Sərgidə müxtəlif arxivlərdən əldə edilən nadir fotolar nümayiş olunur. Onların əksəriyyəti araşdırmaçı-jurnalist, Bakı Media Mərkəzinin redaktoru, əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun araşdırması ilə ortaya çıxıb. Gəmiçiliyin sifarişi əsasında tarixi-sənədli kitab yazan Müsəllim Həsənov qeyd edib ki, fotoların hər biri özündə böyük bir tarixi yük daşıyır. O bildirib ki, foto işlər həm Azərbaycanın, həm də Rusiyanın arxivlərindən əldə olunub. Daha sonra çıxış edən uzaq səfərlər kapitanı Muxtar Axundov Gəmiçiliyin qəhramanlıqlarla dolu tarixi və bugünki dinamik inkişafı haqqında məlumat verib.